Ölkədə dərmanla bağlı hələ də müxtəlif problemlər var. İşbazlar həkimlər və apteklərlə birləşərək, vətəndaşlara bahalı firma dərmanları satırlar. Bu barədə sosial şəbəkələrdə və mətbuatda xeyli şikayətlər, faktlar mövcuddur.
Ötən həftə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yüksək təsiredici xassəyə malik psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri də həyata keçirildi. Belə ki, Baş İdarəyə Mingəçevir şəhərində yerləşən “Sübhan” aptekində psixotrop tərkibli dərmanların satılması barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində həmin aptek nəzarətə götürülüb və qeyd edilən obyektdə psixotrop tərkibli dərmanların satışının həyata keçirildiyi təsdiqini tapıb. Əməliyyat zamanı aptekdə satıcı işləyən Mingəçevir şəhər sakini Rəşad Abduləzimov və aptekin sahibi Ağdam sakini Samir Məmmədov saxlanılıblar.
Baxış zamanı aptekdə “Fenobarbital”, “Relanium”, “Diazepeks”, “Actopentin”, “Sirentin” və sair dərman preparatları aşkar olunaraq maddi sübut kimi götürülüb. Aptekin satıcısı Rəşad Abduləzimov ifadəsində aptekin sahibi Samir Məmmədovun tapşırığı ilə psixotrop dərman preparatlarının satışını apardığını və gündəlik hesabatları ona təqdim etdiyini bildirib. Samir Məmmədov da qanunla tələb olunan xüsusi lisenziya olmadan psixotrop dərman preparatlarının aptekdə onun tapşırığı ilə satışının aparıldığını ifadəsində təsdiq edib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 240.3.2 (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılaraq hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Bu cür faktlarla dəfələrlə üzləşirik. “Yeni Müsavat”ın əməkdaşı Bakıdakı bir neçə aptekdə olub, vəziyyətlə maraqlandıq. Aptekdə çalışanlar bildirdilər ki, onlara verilən dərmanlara, satdıqları dərman vasitələrinə ciddi nəzarət edilir. Aptekdə onu da söylədilər ki, dərmanlar Tarif Şurasının müəyyən etdiyi qiymət cədvəli əsasında satılır. Söylədilər ki, onlar xəstələrə firma dərmanları təklif etmirlər. Yalnız həkimin resepti əsasında dərmanlarını satırlar.
Elə isə bəs problem yaradanlar kimlərdir?
Medicina.az Yeni Müsavat-a istinadən xəbər verir ki, həkim Hüseyn Mehdiyev bildirdi ki, hazırda Azərbaycana gətirilən bütün dərmanlara müvafiq qurumlar tərəfindən nəzarət edilir:
“Yəni heç bir dərman icazəsiz şəkildə gətirilə bilməz. Dərmanları qaçaq yolla gətirmək mümkün deyil. Əvvəllər bəlkə də bu, mümkün idi. Ancaq hazırda ciddi nəzarət var. Bütün dərmanlar isə Səhiyyə Nazirliyinin icazəsi əsasında satışa çıxarılır. Doğrudur, onların bəziləri BAD (bioloji aktiv maddə) adı ilə gəlir. Xəstələrin əsas şikayəti odur ki, həkimlər firma dərmanı yazırlar və bu da bahadır. Ancaq bir məsələ var ki, bütün dərmanları elə hansısa firma gətirir. Adicə elə bir dərman vasitəsi yoxdur ki, onu firma gətirməsin. Həmin dərmanlar Azərbaycana gəldikdən sonra Tarif Şurası tərəfindən ona qiymət təyin edilir. Əvvəllər isə qiyməti firma qoyurdu. Ona görə də dərmanlar bəzi hallarda bir yerdə baha, digərində ucuz satılırdı. İndi isə vəziyyət başqadır və bütün dərmanlara qiyməti Tarif Şurası müəyyən edir. Tarif Şurası qiymət qoyandan sonra isə əvvəllər satılan ucuz dərmanları da gətirən yoxdur. Dərman satanlar bizə deyirlər ki, əvvəlki ucuz dərmanları gətirmək artıq sərf etmir. Çünki bu, maya dəyərindən baha çıxır. Yəni hamının adını bildiyi köhnə dərmanlar artıq yavaş-yavaş bazardan çıxır. Bəzi apteklərdə bu dərmanlara rast gəlmək olur. Ancaq onlar necə gətirirlərsə, bu, məlum deyil. Burada bir məsələ də var ki, bəzi hallarda insanlar düşünürlər ki, Rusiyadan gətirilən dərmanlar yüksək səviyyədədir. Camaat sovet dövrü ilə müqayisə aparıb, Moskvadan gələn dərmanlara üstünlük verirlər. Ancaq reallıq budur ki, Rusiyada dərman sahəsindəki vəziyyət heç də ürəkaçan deyil. Çox zaman Moskvada satılan dərman heç oranın öz dərmanı olmur. Məsələn, Dağıstanda adi qaydada hazırlanır, Moskvada satılır. Yəni bu cür məsələlərdə diqqətli olmaq lazımdır. Rusiya dərmanlarını heç də çox keyfiyyətli saymaq olmaz. Bizə gələn firma dərmanlarının əksəriyyəti Avropa dərmanıdır. Ancaq Avropada alınan dərmanın keyfiyyəti bizə gətirilən dərmanın keyfiyyətindən daha yüksəkdir”.
Həkimin sözlərinə görə, tərkibində psixotrop maddə olan dərmanların satışı xüsusi icazə əsasında olmalıdır:
“Bu dərmanları özüm də apteklərdən tapmaqda çətinlik çəkirəm. Resept belə yazanda hər aptekdə tərkibində prixotrop maddə olan dərmanı tapmaq müşküldür. Müəyyən apteklərdə satılır ki, onların da müvafiq qurumlardan icazəsi var. Ona görə də deyə bilərik ki, dərman bazarında vəziyyət heç də əvvəlki kimi deyil”.