Tərləmə xüsusilə yay aylarında daha da artaraq sosial həyata olduqca təsir edir. Bəziləri insanlar bundan çox əziyyət çəkir və həll yolu tapa bilmir.
Bakupost.az xəbər verir ki, türkiyəli həkim Orxan Yücəl tərləməyə səbəb olan xəstəliklər və onların müalicəsi ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, tərləməyə bir sıra faktorlar səbəb olur:
“İnfeksiya, qalxanabənzər vəzi, qan təzyiqi, hormonal və ya şəkərli diabet xəstəlikləri orqanizmdə ümumi tərləmə yaradır. Bədəndə tərləmə iki formada baş verir. Birincisi, bədənin ümumi tərləməsidir. Bu tərləmə gecələr də müşahidə olunur. İkincisi regional tərləmədir. Yəni əllərdə, ayaqlarda, üzdə, qoltuqaltında müşahidə olunur”.
Həkim həddindən artıq tərləmənin səbəb olduğu problemləri də izah edib:
“Bu bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Ancaq ən əsası psixoloji problemlərdir. Çox tərləyən insan tənhalıq hiss edə və özünə qapana bilər. Bu da insanın çox ciddi psixoloji problemlər yaşamasına səbəb olur. Belə insanlar həyatları boyu tərləmə problemi yaşadıqları üçün özlərini bu xəstəliyə uyğunlaşdırırlar”.
O.Yücəl bildirib ki, əl, ayaq, üz, qoltuqaltı tərləməsi ilə bağlı şikayətləri aradan qaldırmaq mümkündür. Bunun üçün effektiv və daimi müalicə alternativi var:
“Bu tip tərləmə əməliyyatla müalicə edilə bilər. Xəstəliklərə bağlı tərləmənin həlli üçün əvvəlcə xəstəliyin özü müalicə edilməlidir. Xəstəliyin müalicəsindən sonra onunla əlaqəli tərləmə də yox olur. Bunlara əlavə olaraq, səbəbi bilinməyən tərləmə şikayətləri də müalicə edilə bilər”.
Həkim, tərləyən insanları yay aylarında bol su içməli olduğunu da qeyd edib:
“Əks halda maddələr mübadiləsi pozula, böyrək daşları əmələ gələ bilər. Bədənin bir çox ifrazat sistemi var. Onlardan biri də tərləmədir. Bədəndə əmələ gətirdiyimiz tullantıları tərlə xaric edirik. Lakin çox tərləyən insanlarda normadan artıq su ifraz olunur. Ona görə də, su içməyə diqqət edilməldiir. Normalda 2 – 2.5 litr su qəbul edən şəxs həddindən artıq tərləmə hiss edərsə, gündəlik 3-3.5 litr su içməlidir”.