Həddindən artıq stress fiziki və zehni sağlamlığınıza zərər verə bilər.
Medicina.az xarici mediaya istinadən dəddindən artıq stresli olduğunuzu necə müəyyən edə biləcəyinizi təqdim edir:
Stress bədənin dəyişikliklərə normal reaksiyasıdır. Fiziki, emosional və ya zehni stress yaşamaq mümkündür. Hər kəs stresə fərqli reaksiya verir. Stress hissi bəzi insanlar üçün aydındır, lakin bəziləri daha şiddətli hala gələnə qədər onun fərqinə varmır.
2015-ci ildə aparılan araşdırmada yetkin insanların stressi nə dərəcədə qavradıqlarına baxılıb və 59%-nin yüksək səviyyədə stress keçirdiyi aşkarlanıb.
Həddindən artıq stresli olduğunuzu müəyyən etmək üçün ümumi əlamətlər var:
Yuxu rejiminin pozulması
Çoxumuz yuxusuz bir gecə keçirmişik və yuxudan yorğun, halsız halda oyanmışıq. Həddindən artıq stresə məruz qalmaq yuxuya getmə və yuxuda qalma qabiliyyətinə təsir göstərir. Əgər özünüzü daim yorğun hiss edirsinizsə və günü keçirmək üçün enerjiniz olmursa, həddindən artıq stresli ola bilərsiniz.
2300-dən çox yetkin iştirakçı ilə 2014-cü ildə aparılan bir araşdırma, stresə məruz qalma ilə yuxusuzluq riskinin artması arasında əhəmiyyətli bir əlaqə olduğunu göstərib.
Depressiv hiss etmək
Sevdiyiniz birini itirmək və ya işsiz qalmaq kimi əsas həyat hadisələrinin kədər və depressiya hisslərinə səbəb ola biləcəyi başa düşüləndir. Bununla belə, maddi çətinliklər, problemli münasibətlər, sağlamlıq problemləri və valideynlik öhdəlikləri kimi gündəlik həyat məsələlərindən yaranan stress də depressiyaya səbəb ola bilər.
816 qadının iştirak etidiyi bir araşdırma göstərdi ki, həm xroniki, həm də kəskin stress böyük depressiv epizodların riskini əhəmiyyətli dərəcədə artırır. Qeyd etmək lazımdır ki, depressiya ailə keçmişi, ətraf mühit, beyin kimyası, müəyyən tibbi vəziyyətlər və qidalanma kimi digər amillərlə də əlaqələndirilir.
Narahat və ya əsəbi hiss etmək – ya da hər ikisi!
Uzun müddət ərzində yüksək səviyyədə stress yaşadığınız zaman özünüzü əsəbi hiss edə bilərsiniz. Arabir narahatlıq hiss etmək və ya əsəbiləşmək normaldır. Bununla belə, əgər siz daim narahat hiss edir və ən kiçik şeylərdən əsəb keçirirsinizsə, bu, həddindən artıq stressli olduğunuz mənasına gələ bilər.
2015-ci ildə 30-60 yaş arası tibbi cəhətdən sağlam, işləyən yetkinlərlə aparılan bir araşdırma göstərdi ki, iş və ev stressi həm kişilərdə, həm də qadınlarda narahatlıq və depressiya əlamətləri ilə əlaqələndirilir.
Mütəmadi baş ağrıları
Həddindən artıq stressin ümumi simptomlarından biri də tez-tez baş verən kəskin baş ağrılarıdır. 2014-cü ildə nəşr olunan bir araşdırma stressin iştirakçıların hər ay baş ağrısı keçirdiyi günlərin sayının artması ilə əlaqəli olduğunu təsbit edib.
Həzm problemləri
Xroniki stress mədədə yanğı hissi, qəbizlik və ishal kimi problemlərə səbəb ola bilər. Stress iltihablı bağırsaq xəstəliyi, mədə xorası, reflü xəstəliyi, eləcə də digər mədə-bağırsaq problemləri olan insanlarda simptomları gücləndirir.
Ürək ritminin pozulması və yüksək təzyiq
Əyləşmiş vəziyyətdə ikən və ya hərəkət etmədiyiniz halda ürəyiniz sürətlə döyünürsə, bu, həddindən artıq stres altında olduğunuzu göstərə bilər.
Stresslə qarşılaşdığınız zaman həm ürək döyüntüsü, həm də qan təzyiqiniz yüksəlir. Bununla belə, əgər stress faktoru qısa müddətli olarsa, ürək döyüntünüz və qan təzyiqiniz normal səviyyəyə qayıdacaq. Uzun müddət stress keçirənlərdə isə bədən həddindən artıq yüklənmə vəziyyətində olur.
Sızanaqların artması
Stressin şiddətinin sızanaqların artması ilə əhəmiyyətli dərəcədə əlaqəli olduğu bilinir. Stressə reaksiya olaraq orqanizm kortizol ifraz edir ki, bu da dərinin yağ istehsalını artırır və sızanaqları çoxaldır. Unutmayın ki, iltihab, tıxanmış məsamələr, bakteriyalar və hormonal dəyişikliklər kimi sızanaqları artıra biləcək digər amillər də var.
Tez-tez xəstələnmək
İmmunitet sisteminizin effektivliyi bədəninizin yaşadığı stress səviyyəsindən asılıdır. Vücudunuz daimi stress altında olduqda, immunitet sisteminiz həssaslaşır və infeksiyalara, viruslara qarşı mübarizə qabiliyyəti azalır. Beləliklə, tez-tez soyuqdəymə və ya qriplə mübarizə aparırsınızsa, həddindən artıq stres altında ola bilərsiniz.
Xroniki ağrılar
Xroniki ağrı xroniki stresslə əlaqəlidir. Bir insan daim stress altındadırsa, bu, ağrılara səbəb ola bilər. Səhər oyananda oynaqlarınızda və kürəyinizdə davamlı ağrı hiss edirsinizsə, həddindən artıq stres altındasınız.
Uzunmüddətli stressin ağrıya səbəb olmasının səbəblərindən biri də orqanizmin stresə reaksiyası zamanı ifraz olunan kortizolla bağlıdır. Normal vəziyyətlərdə kortizol iltihab əleyhinə bir hormondur; lakin, xroniki stress və kortizolun təkrar dalğalanması kortizol disfunksiyasına səbəb olur. Kortizol disfunksiyası iltihaba səbəb olur, bu da geniş yayılmış toxuma və sinir zədələnməsinə gətirib çıxarır.
Libidonun azalması
Stress libidonun dəyişməsinə səbəb ola bilər. Əgər cinsi əlaqəyə əvvəlkindən daha az maraq göstərdiyinizi hiss etsəniz, bunu stressin əlaməti kimi qəbul edin. 2021-ci ildə aparılan bir araşdırma zamanı 1000-dən çox qadın arasında sorğu keçirilib və onların 45%-i stress səbəbiylə cinsi istəklərinin azaldığını bildirib. Hormonal dəyişikliklər, psixoloji amillər, siqaret, spirt istehlakı və sosial faktorlar da daxil olmaqla, insanın libidosuna təsir edən digər amilləri də nəzərə almaq vacibdir.
Gül