“Pandemiya bütün ölkələrdə insanların həyatına mənfi təsir göstərməyə davam edir”.
Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.
“Ölkə, şəhər seçimi, yaş məhdudiyyəti yoxdur. Virus sərhəd tanımır, səhhətində hər hansı problem olan və ya olmayan, sağlam şəxslər də bu virusa yoluxa bilər.
Məhz bu səbəbdən BMT-nin baş katibi hər kəsi həmrəyliyə çağırır. Vətəndaşlar arasında həmrəyliyin olması vacib məqamdır”.
O qeyd edib ki, heç bir hökumət bu pandemiyaya təkbaşına qalib gələ bilməyəcək:
“Vətəndaşlar ölkələrdə qəbul edilən qaydalara, normalara riayət etməklə dəstək olmalıdırlar. Yoxsa mübarizədə qalib gəlmək çətinləşəcək. Xüsusilə TƏBİB nümayəndələrinin tövsiyələrinə qoşuluram.
Fərd olaraq hər bir şəxsin gigiyena qaydalarına riayət etməsi, sosial məsafəni gözləməsi mübarizəmizə kiçik addımlarla dəstək deməkdir. Mən, siz, hökumət nümayəndələrinin hər birinin atdığı bu kiçik addımlar böyük nəticələrə aparacaq”.