Bu yaxınlarda jurnalist En Helen Petersen “Twitter” sosial şəbəkəsində insanlardan pandemiyanın uzunmüddətli psixoloji təsirləri haqqında nə kimi məqalələr oxuduqlarını soruşub. Cavabların əksəriyyəti pandemiyanın uşaqlarda yaratdığı problemlərlə bağlı olub.
Medicina.az xəbər verir ki, ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc olunmuş “Pandemiyanın qeyri-humanist tələbləri” adlı məqaləsində pandemiyanın psixologiyaya təsirlərinə toxunulub. Yazının müəllifi “Nyu-York Tayms”ın məşhur şərhçisi Mişel Qoldberqdir.
"Koronavirus üzrə aparılan siyasət ən azı bəzi mütərəqqi dairələrdə doqquz aylıq izolyasiyasının səbəb olduğu emosional təsirlər barədə çox danışmağı sanki yasaq edib, bir tabu yaradıb. Pandemiyanın uşaqlara necə təsir etdiyini müzakirə etmək isə daha asandır, çünki biz onları əziyyətdən xilas etməyə çalışmaqla özümüzə bəraət qazandırmış oluruq.
Əgər bu ilə qədər mən heç olmasa bir dəfə indi hiss etdiklərimi hiss etsəydim bunu ağır vəziyyət kimi qiymətləndirər və aradan qaldırmaq üçün əlimdən gələni edərdim. Hazırda isə mən qış günü kiçik mənzilimdə azyaşlı uşaqlarımla birlikdə pandemiyanın yaratdığı mənzərəni izləmək məcburiyyətindəyəm.
Vəziyyəti yaxşılaşdırmaq üçün etməli olduğum çox şeyi bəzən hökumətin verdiyi qərarlara görə deyil, məhz öz istəyimlə təxirə salıram. Pandemiya dövründə mənəvi yükümüzü azaltmaq üçün etdiyimiz hər bir riskin başqa insanlara da təsir göstərdiyinə baxmayaraq, bir çox hallarda təcridə, məyusluğa, sıxıntıya və çarəsizliyə nə qədər dözə biləcəyimiz özümüzdən asılıdır.
Məhz buna görə də mənəvi rahatlıq artıq ictimai faydaya çevrilib. Təəccüblü deyil ki, mühafizəkarların bir çoxu icmalar palatasından istədikləri kimi istifadə etmək hüququna malik olduqlarını düşünürlər. Nəticədə mühafizəkarların liberallar üzərində dominantlıq qazandığını nəzərə alsaq, lazımsız bayram şənliklərinin keçirilməsi bir növ nəqliyyat vasitəsində modifikasiya aparmaqla havaya daha çox tüstü emissiya etməyin sosial ekvivalentidir.
Əksinə, liberalların ən azı ictimaiyyət qarşısında nümayiş etdirdikləri reaksiya əksər halda sosial təmkinlilik gözləntisinə uyğun gəlir. Liberallar tərəfindən idarə olunan və buna görə də “mavi ştatlar” adlandırılan ştatların bəziləri noyabr ayında açıq havada toplaşmaq da daxil olmaqla, bir evdə yaşamayan insanların bir yerə yığışmasını qadağan etməklə öz yanaşmalarını rəsmiləşdirdilər. Hətta heç bir fərman çıxarılmasa da, qaydalar kifayət qədər aydın görünür.
Jurnalist Vill Leyç ehtiyat tədbirlərinin diqqətdə saxlanıldığı, lakin tamamilə qapalı olmayan həyat barədə bir məqalə yazıb. Məqalə “Pandemiya dövründə risk alanların etirafları” adlanır. Harvard Tibb Məktəbinin epidemioloqu Culiya Markus “The Atlantic”ə müsahibə verərkən qeyd edib: “Bu pandemiya dövründə amerikalılara deyilib ki, nə qədər ehtiyatlı davranmağından asılı olmayaraq risk edən hər bir şəxs necə pis xarakteri olduğunu nümaiyş etdirir”.
Mən bu bəyanata görə səhiyyə orqanlarını qətiyyən günahlandırmıram. Amerika, eləcə də digər ölkələr virusun nəzarətdən çıxmasına şərait yaradıb. Buna görə ölkələrin indi virusun qarşısını almaq üçün qeyri-humanist tədbirlər görməkdən başqa yolu qalmayıb. Amma təbii ki, insanlar qeyri-humanist həyat tərzinə qarşı çıxacaqlar. Pandemiyaya qarşı həyata keçirilən xüsusi utancverici tədbirlər adekvat deyil və uğursuzluğa məhkumdur. Eyni zamanda bu tədbirlər vaksinlər geniş miqyasda paylanana qədər bizim yeganə çıxış yolumuzdur.
Bu günlərdə Ağ evin koronavirusa qarşı cavab tədbirlərinin koordinatoru doktor Debora Birks koronavirus siyasətinə qarşı riyakar mövqe nümayiş etdirən siyasi liderlərin sırasına əlavə edildi. Doktor Birks bu yaxınlarda amerikalılara müraciət edərək onları Şükran günündə bir-birinin evlərinə getməməyi və açıq havada digər insanlarla birlikdə bayram şənlikləri keçirməməyi məsləhət görmüşdü. Lakin “Associated Press” agentliyinin verdiyi məlumata görə, Şükran gününün səhəri doktor Birks öz qızı, kürəkəni və nəvələri ilə birlikdə Delaver ştatındakı mülklərindən birinə gedib. (O, bir bəyanatında bildirib ki, onlar həmin mülkə qışa hazırlıq görmək üçün gediblər və fərqli evlərdə yaşasalar da, “eyni ailə”nin üzvləridirlər.)
Doktor Birks şübhəli siyasətçilər qrupuna qoşulur. Bu qrupa insanlara sosial məsafə saxlamaqla bağlı məsləhətlər verdikdən sonra dəbdəbəli “Napa Valley” restoranında şam yeməyinə qatılan Kaliforniya qubernatoru Qevin Nyusom və Meksikada istirahətdə olduğu halda videomüraciətlə insanlara evdə qalmağı tövsiyə edən Texas ştatının Ostin şəhərinin mayoru Stiv Adler də daxildir.
Aydındır ki, belə səhvlər səlahiyyətlərin sui-istifadəsindən və məsuliyyətsizlikdən qaynaqlanır. Liderlər başqalarından tələb etdikləri qurbanları özləri də verməklə başqalarına nümunə olmalıdırlar. Bəlkə də bütün bunların baş verməsinin səbəbi ondadır ki, hazırkı dövrün əsas mənəvi tələbi olan təkliyə çox az adam dözə bilir". / novator.az