Haymorit – burnun haymor ciblərinin (əng sümüyünün boşluqları) iltihabıdır. Onun klinik əlamətlərinə burun tənəffüsünün çətinləşməsi, burun yollarından selikli-irinli ifrazatın axması, burun kökü və qanadlarında intensiv ağrılar, zədələnmiş tərəfdə yanaq və göz qapağının şişkinliyi, bədən temperaturunun yüksəlməsi aiddir.
Müalicəyə vaxtında başlanıldıqda ağır fəsadların: otit, meningit, baş beynin absesi, göz yuvasının fleqmonası, osteomielit, ürək və böyrəklərin zədələnməsinin qarşısını almaq mümkündür.
Medicina.az haymoritin yaranma səbəbləri və müalicə yollarını təqdim edir.
Haymorit kəskin və ya xroniki formada gedə bilər. Beynəlxalq tibbi statistikanın məlumatlarına əsasən inkişaf etmiş ölkələrdə əhalinin təxminən 10%-də kəskin haymorit və digər sinusitlər müşahidə edilir. 5 yaşa qədər uşaqlarda xəstəliyə demək olar ki, rast gəlinmir. Bu da onlarda burunətrafı ciblərin tam inkişaf etməməsi ilə bağlıdır.
Haymoritin inkişaf mexanizmi
Haymor cibi – üst çənədə yerləşən hava ilə dolu boşluqdur. Əng sümüyünün bu boşluğu yuxarıdan göz yuvası, aşağıdan – ağız boşluğu, daxili hissədən isə burun boşluğu ilə ümumi sümük divarına malikdir.
Haymor cibi digər burunətrafı ciblərlə (2 alın, 2 xəlbirəbənzər və 1 əsas) bərabər aşağıdakı funksiyaları yerinə yetirir:
xarici atmosfer təzyiqinə nəzərən kəllə boşluqlarında təzyiqin bərabərləşməsində iştirak edir;
nəfəslə alınan havanı isidir və təmizləyir;
səsə fərdi xarakter verir
Bütün ciblər nazik dəlik vasitəsilə burun boşluğu ilə birləşirlər. Hər hansı bir səbəbdən bu dəliklər tutulduqda ciblərin ventilyasiya və təmizlənməsi pozulur. Boşluqda mikroblar toplanır, iltihab yaranır.
Haymoritin yaranma səbəbləri
haymorit 2Haymorit streptokokk, stafilokokk, xlamidiya, hemofil çöpü, mikoplazma, göbələk və viruslar tərəfindən törədilə bilər. Böyüklərdə haymorit adətən virus, Haemophilus influenzae və Streptococcus pneumoniae mənşəli olur. Uşaqlarda isə xəstəliyə əsasən xlamidiya və mikoplazma səbəb olur. Zəif orqanizmə və immun patologiyalarına malik olan xəstələrdə haymoritin törədicisi qismində sparofit mikroflora və göbələklər iştirak edir.
Haymoritin risk amilləri
Haymor cibinin normal ventilyasiyasını çətinləşdirən və onun daxilinə infeksiyanın keçməsinə şərait yaradan xəstəlik və vəziyyətlər aşağıdakılardır:
KRVİ, istənilən etiologiyalı kəskin və xroniki rinitlər;
uşaqlarda adenoidlər;
xroniki tonzillit və faringit;
kariesə uğrayan yuxarı azı dişlər, əng sümüyünün alveol çıxıntısında və ya dişlərdə aparılan cərrahi müdaxilələr;
burun yollarının anadangəlmə darlığı;
burun çəpərinin əyriliyi.
Fəsillə əlaqədar immunitetin zəifləməsi nəticəsində qış və payız aylarında haymoritin inkişaf ehtimalı yüksəlir.
Morfoloji dəyişikliklərin xüsusiyyətlərinə əsasən xroniki haymoritin aşağıdakı formaları ayırd edilir:
eksudativ (kataral və irinli xroniki haymorit). İrinin yaranması ilə səciyyələnir.
produktiv(irinli-polipoz, polipoz, nekrotik, atrofik, divaryanı-hiperplastik haymorit və s.). Haymor cibinin selikli qişasının dəyişilməsi (poliplər, atrofiya, hiperplaziya və s.) ilə xarakterizə olunur.
Xroniki haymorit zamanı selikli qişa vəzilərinin tutulması ilə əlaqədar əksər hallarda haymor cibinin həqiqi kistaları və kiçik ölçülü psevdokistalar əmələ gəlir.
Xroniki haymoritin polipoz və polipoz-irinli formaları geniş yayılmışdır. Az hallarda divaryanı-hiperplastik və kataral, nadirən isə kazeoz, xolesteatom, ozeoz və nekrotik formalara rast gəlinir.
Kəskin haymoritin əlamətləri
Xəstəlik kəskin başlanğıca malikdir. Xəstənin bədən temperaturu 38-39˚С-yə qədər yüksəlir. Ümumi intoksiyasiyanın əlamətləri meydana çıxır. Bəzən titrətmə müşahidə olunur.
Haymoritli xəstələri əng sümüyünün zədələnmiş boşluğu nahiyəsində, almacıq sümüyü, alın və burun kökündə ağrılar narahat edir. Palpasiya zamanı ağrı hissi daha da güclənir. Ağrı gicgaha və ya üzün müvafiq yarısına yayıla bilər. Bəzi pasiyentlərdə müxtəlif intensivlikli baş ağrıları yaranır.
İnfeksiya olan tərəfdə burun tənəffüsü pozulur. İkitərəfli haymoritdə burun tutulduğundan xəstə ağızla nəfəs almağa məcbur olur. Burun yollarından axan ifrazatlar başlanğıcda duru və seroz xarakterli, sonralar isə yaşılımtıl rəngdə, qatı və bulanıq olurlar.
Xroniki haymoritin əlamətləri
Xroniki haymorit kəskin prosesin davamı kimi inkişaf edir. Remissiya dövründə xəstənin ümumi vəziyyəti pozulmur. Kəskinləşmə mərhələsində ümumi intoksikasiyanın əlamətləri (halsızlıq, baş ağrıları, əzginlik) əmələ gəlir. Hərarət febril və ya subfebril həddə qədər qalxa bilər.
Xroniki haymoritin eksudativ forması üçün möhtəviyyatın miqdarının kəskinləşmə mərhələsində artması, pasiyentin vəziyyətinin yaxşılaşdığı dövrlərdə isə xeyli azalması xarakterikdir. Kataral haymoritdə axıntı xoşagəlməz iyli, duru və seroz olur.
Xəstəliyin irinli formasında ifrazatlar qatılaşır, sarı-yaşılımtıl rəng alır. Dartılan selikli axıntılar quruyaraq, burun boşluğunda qabıq əmələ gətirirlər.
Baş ağrıları bir qayda olaraq, yalnız xroniki haymoritin kəskinləşməsi və ya ifrazatın axınına maneə yarandıqda meydana çıxır. Xəstələr dartıcı baş ağrılarının çox vaxt «gözlərin arxasında» lokalizasiya olunduqlarını qeyd edirlər. Gözaltı nahiyəyə təzyiq etdikdə və ya göz qapaqlarını yuxarı qaldırdıqda baş ağrıları güclənir. Uzandıqda və yuxuya getdikdə ağrı zəifləyir. Bu da horizontal vəziyyətdə irin axınının bərpa olunması ilə bağlıdır.
Bir çox xəstələr gecə saatlarında yaranan və adi müalicəyə tabe olmayan öskürəkdən şikayət edirlər. Öskürəyə haymor cibindən udlağın arxa divarı ilə axan irin səbəb olur.
Xroniki haymoritli pasiyentlərdə əksər hallarda burun boşluğu dəhlizində dəri zədələnmələrinə (çatlar, şişkinlik, maserasiya) rast gəlinir. Xəstələrdə konyunktivit və keratit aşkarlana bilər.
Haymoritin diaqnostikası
Diaqnoz pasiyentin şikayətləri, xarici baxış (gözaltı nahiyədə dəri damarlarının reflektor olaraq genişlənməsi müəyyən edilir) və burun boşluğunun selikli qişasının müayinəsinin nəticələri (iltihab, ödem, haymor cibindən irinli ifrazat) əsasında qoyulur. Haymor cibinin rentgenoqrammasında qaranlıq sahələr izlənilir. Aparılan müayinələr kifayət etmədikdə haymor cibi punksiya olunur.
Haymoritin müalicəsi
Selikli qişanın ödemini azaltmaq və cibin normal ventilyasiyasını bərpa etmək üçün 5 gündən çox olmamaqla yerli təsirli damardaraldıcı preparatlardan (nafazolin, ksilometazolin hidroxlorid) istifadə edilir. Hipetermiya hallarında qızdırmasalıcı preparatlar, ifadəli intoksikasiya zamanı antibiotiklər təyin edilir. Yan təsirlərin qarşısını almaq, iltihab ocağında preparatın yüksək konsentrasiyada toplanmasını təmin etmək məqsədilə yerli istifadə üçün nəzərdə tutulan antibiotiklər tətbiq oluna bilər. Temperatur norma səviyyəsinə endikdən sonra fizioterapiya (sollüks, UYT) məsləhət görülür.
Xroniki haymorit
Davamlı nəticə əldə etmək üçün haymor cibində iltihab törədən səbəblər (adenoidlər, LOR orqanlarının xroniki xəstəlikləri, burun çəpərinin əyilməsi, xəstə dişlər və s.) aradan qaldırılmalıdır. Kəskinləşmə dövründə qısa kurslarla yerli damardaraldıcı vasitələr təyin edilir.
Haymor cibi drenajlanır. Boşluq Proets metodu və ya sinus-evakuasiya üsulu ilə yuyulur. Bu məqsədlə dezinfeksiyaedici məhlullardan (furasilin, kalium-permanqanat) istifadə edilir. Boşluğa proteolitik fermentlər və antibiotik məhlulları yeridilir. Fizioterapevtik üsullar (inhalyasiya, diatermiya, hidrokortizonla ultrafonoforez, UYT) tətbiq edilir. Haymoritli xəstələrdə speleoterapiya müsbət nəticə verir.
Xroniki haymoritin irinli-polipoz, polipoz, kazeoz, xolesteatom və nekrotik formalarında cərrahi müalicə – haymorotomiya göstəriş (haymor cibinin yarılması) sayılır.