Hava istiləşəndə koronavirus aradan qalxmayacaq.
Bu ABŞ Milli Elmlər Akademiyasının Ağ evə göndərdiyi məktubda bildirilir.
ABŞ Prezidenti Donald Trampın “havalar istiləşəndə koronavirus yox olacaq” iddiasına cavab olaraq, sənəddə qeyd olunub ki, pandemiyanın sosial məsafə və bənzər tədbirlərlə azalacağı, lakin Günəş və ya rütubətin buna təsir göstərəcəyi ilə bağlı tutarlı bilgi yoxdur.
“Koronavirusun kəskin hərarət və rütubətə sahib şəraitlərdə daha az effektiv ola biləcəyinə dair bir neçə sübut var. Lakin bunu birbaşa havaların istiləşməsi ilə bağlı əlaqələndirə bilmərik. Bu yayılmanın qarşısını almaq üçün ölkələrin gördükləri tədbirlərin əhəmiyyəti böyükdür”..
Məktub ABŞ Milli Səhiyyə İnstitutunun Yoluxucu Xəstəliklər Bürosunun rəhbəri və Ağ evin Kovid-19-la mübarizə Komitəsinin üzvü Entoni Fausiyə də göndərilib. O, virusun yayılmasının azalmasında hava şəraitinin rol oynaya biləcəyini məntiqsiz adlandırmayıb.