Bu günə qədər aparılan ən əhatəli araşdırmalardan biri hava çirkliliyinin son 40 ildə dünya üzrə təxminən 135 milyon vaxtından əvvəl ölümə səbəb olduğunu üzə çıxarıb.
Medicina.az xəbər verir ki, yeni açıqlanan statistika problemin ciddiliyini və təcili həll edilməsinin vacibliyini vurğulayır.
1980 və 2020-ci illər arasındakı məlumatları araşdıran tədqiqatçılar hava çirkliliyinin qarşısı alına bilən və ya müalicə edilə bilən xəstəliklərə və ya insultlara səbəb olaraq on milyonlarla insanın həyatını qısaltdığını söyləyir.
Keçmişdə bir çox belə tədqiqat daha kiçik bir bölgəni və ya yaxın dövrü əhatə edib. Sinqapurun Nanyang Texnologiya Universiteti tərəfindən aparılan bu araşdırma isə bu günə qədər aparılan ən böyük tədqiqatlardan biridir.
Tədqiqatçılar El Nino kimi hava hadisələrinin və okean temperaturunun dəyişməsinin havanın çirklənməsinin təsirini daha da pisləşdirdiyini aşkar ediblər.
Bu hava hadisələri ağciyərlərə nüfuz edə və hətta qan dövranına daxil ola bilən, astma, infarkt və bronxit kimi xroniki xəstəliklərə səbəb olan PM2.5 incə hissəciklərinin konsentrasiyasının artmasına səbəb olur.
Hava şəraitinin dəyişməsi vaxtından əvvəl ölüm hallarının sayını 14 faiz artırıb.
Tədqiqata rəhbərlik edən Nanyang Asiya Ətraf Mühit Məktəbinin dosenti Stiv Yim bildirib ki, El Nino kimi müəyyən iqlim hadisələri baş verdikcə çirklənmə səviyyəsi yüksələ bilər, yəni PM 2.5 çirklənməsi səbəbindən daha çox insan vaxtından əvvəl öləcək.
Qeyd edilib ki, PM 2.5 çirklənməsinə əsasən nəqliyyat vasitələrinin tullantıları, sənaye prosesləri, meşə yanğınları və toz fırtınaları səbəb olur.
"PM 2.5 çirklənməsi ilə əlaqəli vaxtından əvvəl ölüm hadisəsi" ən çox Asiyada müşahidə edilir. Burada 98 milyon təhlükə altındadır. Ölümlərin əsas hissəsi Çin və Hindistanın payına düşür.
Pakistan, Banqladeş, İndoneziya və Yaponiyada da 2 milyondan 5 milyona qədər vaxtından əvvəl ölüm halı baş verib.
Tədqiqat PM 2.5 çirklənməsinə görə ölümlərin üçdə birinin insultdan, üçdə birinin ürək xəstəliklərindən, qalan hissəsinin isə ağciyərlə əlaqəli xəstəliklər və infeksiyalardan qaynaqlandığını təxmin edir.
Nanyangdakı tədqiqatçılar havadakı incə hissəciklərin səviyyəsini ölçmək üçün NASA-nın peyk məlumatlarından istifadə ediblər. Onlar Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun xəstəlik statistikasını, eləcə də ABŞ Milli Okean və Atmosfer Administrasiyasının hava məlumatlarını təhlil ediblər.
Bununla belə, müəlliflər qeyd ediblər ki, iqlim böhranının təsirini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.
Araşdırmanın nəticələri "Environment International" akademik jurnalında dərc olunub.
Xatırladaq ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ətraf mühitin və havanın çirklənməsinin birgə təsirlərinin hər il dünyada baş verən 6,7 milyon vaxtından əvvəl ölümlə əlaqəli olduğunu açıqlamışdı.
Aysel