Ən faydalı şokolad acı olanıdır, onun tərkibi 75 faiz kakaodan təşkil olunub. İçlik kimi isə ən yaxşı seçim qoz-fındıqdır.
Medicina.az xəbər verir ki, “Sputnik”in məlumatına görə, bu barədə rusiyalı dietoloq, nutrisioloq, Kanada Dietoloqlar Assosiasiyasının üzvü Natalya Nefedova bildirib.
“Əlbəttə ki, onlar özlüyündə çox yağlıdırlar, amma bu yaxşı, faydalı yağdır. Acı şokoladın tərkibində kifayət qədər faydalı olan teobromin, həmçinin sink və maqnezium da var. Qoz-fındıqda isə sağlam yağlar, əvəzolunmaz omeqa-3 mövcuddur”, - deyə mütəxəssis izah edib.
Təhlükəli içliklər kimi isə həkim bibər, zəncəfil, gül ləçəkləri kimi ekzotik qatqıların adını çəkib. Nefedovanın sözlərinə görə, əgər şokolad ucuz kütləvi istehsalda hazırlanırsa, onda bu içliklər təbii ola bilməz.
Dietoloq həmçinin gündə bir plitka şokolad yeməyin artıq çəkiyə təsiri barədə də danışıb. Onun sözlərinə görə, hər insanın gündə fərqli kilokalori norması var. Əgər şəxs ağır fiziki fəaliyyətlə məşğul deyilsə, bütöv bir şokolad plitkası əlavə kiloqramlara çevrilə bilər.