\Əgər çox yağlı, quru yeməklərdən dərhal sonra mədədə, sağ qabırğaaltı nahiyədə şiddətli ağrı başlayırsa düşünməyin ki, bu ağrı “keçər“. Çünki buna öd kisəsindəki daşlar, qatılaşma, mədə və onikibarmaq bağırsaqdakı ciddi problemlər (mədə və onikibarmaq xorası, qastrit və s.) səbəb ola bilər.
"Medicina" xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin həkim-radioloqu Şəbnəm Topbaştekin deyib.
Həkim bildirib ki, əgər qabırğaların altından, döş sümüyü arxasından yandırıcı, göynədici ağrı döş qəfəsinə doğru yayılırsa və “iynə" kimi getdikcə şiddətlənən ağrı hiss edirsinizsə, belə ağrılar ürək mənşəli xəstəliklər zamanı da ola bilər.
Qadınlarda qarının aşağı hissəsindəki sağ və sol tərəfli ağrılardan da bəhs edən Şəbnəm Topbaştekin qeyd edib ki, bu ağrılar aybaşı xaricindəki dövrdə baş verirsə, bu, yumurtalığın bəzi xəstəlikləri (yumurtalıq burulması, yumurtalıq kistasının burulması və böyük kistaların partlaması) və uşaqlıqdankənar hamiləlik ola bilər:
"Əgər bu ağrılar qarının aşağı hissəsində, bel istiqamətində başlayıb getdikcə artırsa və bununla yanaşı ürəkbulanma, qusma, üşütmə, sidiyə çıxmada çətinlik varsa bunun ilk yaranma səbəbi böyrək daşları ola bilər".
Radioloq bildirib ki, qarının aşağı sağ tərəfində kəskin şəkildə ağrı başlayırsa, eyni zamanda, ürəkbulanma, qusma, qızdırma da varsa vaxt itirmədən xəstəxanaya müraciət edin. Çünkü bu, appendisit ola bilər.
Onun sözlərinə görə, əgər ishal və qəbizlik zamanı spastik ağrılardan ayaqüstə dayana bilmirsinizsə, ağrıdan məcburi “bükülürsünüzsə“ və bu vəziyyət eyni gündə bir neçə dəfə təkrarlanırsa bu, mədə bağırsağın müxtəlif mənşəli kəskin infeksion xəstəliyinin əlamətidir.
"Gün ərzində kəskin qarın ağrıları, qusma və ishalla yanaşı, nəcisdə və qusuntu kütləsində qan da izləyirsinizsə, rənginiz avazıyıbsa, qarnınız "taxta“ kimi möhkəmdirsə təcili yardıma müraciət etmək vacibdir. Bu, mədə və ya bağırsağın perforasiyası (deşilməsi) ola bilər", - deyə Şəbnəm Topbaştekin əlavə edib.
Aygün Musayeva