Hamiləlik zamanı meydana çıxan ağırlaşma hallarının biri də hamiləliyin hipertenziv vəziyyətləridir. Hipertenziv vəziyyətlər dedikdə hamiləliyə qədər mövcud olan xroniki hipertenziya və hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi, yəni hestasion hipertenziya, ana və dölün həyatı üçün hər hansı bir təhlükə yarada biləcək preeklampsiya və eklampsiya nəzərdə tutulur. Xroniki hipertenziya dedikdə qadında ayrı-ayrı xəstəliklər nəticəsində yaranan vəziyyət başa düşülür. Əgər arterial təzyiqin yüksəlməsi hamiləliyin 20-ci həftəsindən sonra başlayarsa, bu patologiya sırf hamiləliyin fəsadı kimi qiymətləndirilir. Preeklampsiyanın yayılma tezliyi 5-7 % təşkil edir. Preeklampsiya poliorqan çatışmazlığına səbəb olaraq böyrəkləri, qaraciyəri, baş beyini, qanın laxtalanma sistemini zədələmiş olur. Eyni zamanda, dölün ana bətnində inkişafının ləngiməsinə səbəb ola bilər.
"Medicina" xəbər verir ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Zinyət Muradova açıqlama verib.
"Bir sıra risk faktorları var ki, bunların vaxtında aşkarlanması və lazımi profilaktik tədbirlərin aparılması sözügedən ağırlaşmaların qarşısını almağa kömək edir.
Bu risk faktorlarına anamnezində preeklampsiya olan qadınlar, 18 yaşdan aşağı və 35 yaşdan yuxarı olan hamilə xanımlar, piylənmədən əziyyət çəkənlər, yaxın qohumlarında preeklampsiya olanlar, çoxdöllü hamiləlik keçirənlər, bəzi ekstragenital xəstəlikləri olanlar (ürək-damar sistemi xəstəlikləri, böyrək xəstəlikləri, hipertoniya, şəkərli diabet) aiddir.
- Vaxtından əvvəl doğuşlar risk qruplarına görə dörd əsas yerə bölünür. Birincisi, sosial faktordur. Sosial faktora 18-dən az və 35-dən çox yaş qrupuna daxil olan, aşağı boy və çəki göstəriciləri olan, bədən çəkisinin aşağı indeksi yəni kifayət qədər qidalanmayan, zərərli vərdişləri olan hamilələr aiddir. Preeklampsiya, ciftin vaxtından əvvəl ayrılması, dölyanı mayenin vaxtından əvvəl axması, çoxsululuq, çoxdöllü hamiləlik kimi hallar mamalıq patologiyaları olan qadınların aid olduğu faktordur. Ekstragenital patologiyaları olan qadınların aid olduğu qrup vardır ki, buraya da ürək-damar, tənəffüs və sidik-ifrazat sistemi tərəfindən baş verən patologiyalar, endokrinoloji problemlərin yaratdığı patologiyaları olan hamilələr aiddir. Sonuncu anatomik faktora isə uşaqlıq boynu çatışmazlığı, ikibuynuzlu, yəhərvari uşaqlıq, istmiko-servikal çatışmazlıq kimi patologiyaları olan hamilələr aiddir.
Vaxtından əvvəl doğuş təhlükəsi olan hər bir qadın zaman itirmədən həkimə müraciət edərsə, bu kimi ağırlaşmaların qarşısını zamanında almaq mümkündür".
Aygün Musayeva