İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə, vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) 27 tibb müəssisəsi ilə müqaviləsi var və bu sayla bağlı olan siyahı mütəmadi olaraq yenilənir.
Özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə təcili tibbi yardım yalnız Agentliyin razılığı ilə icbari tibbi sığorta vəsaiti hesabına göstərilə bilər. Bunun üçün özəl tibb müəssisəsi tərəfindən müvafiq xidmətin göstərilməsi üçün (pasiyent xəstəxanada tibbi xidmət aldığı dövr ərzində) Agentliyə elektron sorğu göndərilməlidir. Agentlik sorğu daxil olduqdan sonra tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını, dövlət tibb müəssisəsində tibbi xidmətin göstərilməsinin mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsini qarşılayır və ya sığorta ödənişindən imtina edir.
Son günlərdə sosial şəbəkələrdə 12.12.2021-ci il tarixində “Kəskin Kalkulyoz Xolesistit. Yerli Peritonit” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına daxil olmuş və üzərində cərrahi əməliyyat aparılmış vətəndaşla bağlı məlumat paylaşılıb. Cərrahi əməliyyatı icra etmiş həkim tərəfindən bildirilib ki, xidmət icbari tibbi sığorta çərçivəsində qarşılanmamışdır. Lakin Agentliyə daxil olan xəstəlik sənədlərinə əsasən məlum olmuşdur ki, öd kisəsində mümkün olan destruktiv dəyişikliyi nəzərə alsaq, xəstə üzərində laparoskopik əməliyyat deyil, təcili laparotomiya əməliyyatının aparılması məqsədəuyğundur. Yəni, aparılan fiziki müayinələr xəstənin öd kisəsində destruktiv dəyişikliklərin olmasını inkar edir (mənfi Şetkin-Blumberq simptomu). Xəstə 13.12.2021-ci il tarixində ultrasəs və laborator müayinələrdən keçib və bu müayinələrin nəticəsi də xəstəliyin kəskin prosesini təsdiqləmir. Beləliklə, qeyd olunanları nəzərə alaraq əməliyyatın təcili qaydada deyil, planlı əsasla aparılmasına qərar verilib.
Qeyd olunub ki, sözügedən əməliyyatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibb Mərkəzdə, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Sabunçu Tibb Mərkəzində aparılması mümkündür.