Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı ağrılar böyrək xəstəliyinin xəbərçisidir?

  • 2017.11.20 11:30
  • 25192 Baxış
Hansı ağrılar böyrək xəstəliyinin xəbərçisidir?
Böyrək xəstəliklərinin simptomları bir çox digər xəstəliklərin sismptomlarına bənzəyir və bu səbəbdən bəzi hallarda xəstə uzun müddət ərzində tamam başqa xəstəliklərdən (ürək xəstəlikləri, onurğa xəstəlikləri) müalicə olunur.


 

Hansı simptomlar böyrək xəstəliklərinə işarə edə bilər?


- Ödəmlər. Bu simptom həmçinin ürək xəstəlikləri üçün də xasdır. Lakin burada müəyyən fərqlər var. Böyrək xəstəlikləri nəticəsində əmələ gələn ödəmlər bir çox hallarda üzdə, gözlərin altında, göz qapaqlarında olur. Həmçinin bu, əllərdə, beldə, cinsiyyət orqanları nahiyəsində müşahidə oluna bilər.

Böyrək xəstəlikləri ilə bağlı ödəmlər səhər saatlarında, ürək xəstəlikləri ilə  bağlı olanlar isə axşam əmələ gəlir.


- Ağrılar. Böyrək xəstəlikləri zamanı xəstədə bel nahiyəsində ağrılar olur. Ağrılar tutmaşəkilli, güclü (böyrək daşı xəstəliyi zamanı), sızıldayan və ya sıxıcı, bir və ya ikitərəfli ola bilər. Ağrı xəstəni daim və ya vaxtaşırı narahat edə bilər. Nəzərinizə çatdıraq ki, bel nahiyəsində olan istənilən ağrılar hər hansı böyrək xəstəliklərinin əlaməti ola bilər.


- Arterial təzyiqinin artması. Böyrək xəstəlikləri zamanı arterial təzyiqinin artması tez-tez müşahidə olunur. Xəstələr bunu hipertoniya xəstəliyi ilə əlaqələndirir və hipertoniyadan müalicə olunurlar. Lakin hipertoniyanın standart müalicəsi böyrəklər patologiyaları zamanı lazım olan effekt vermir.

Xəstə həm də bu kimi simptoma fikir verməlidir: böyrək patologiyaları zamanı "aşağı" təzyiq essensial hipertoniya (ilkin hipertoniya) ilə müqayisədə daha yüksək rəqəmlərə artır (100 mm c.st artıq).


Hər iki simptomun (hipertoniyanın uğursuz müalicəsi və "aşağı" təzyiqin 100 mm c.st-dan yuxarı olması) olması insanda böyrək patologiyalarına işarə edir.

 

- Sidik ifrazının pozulmaları. Bütün sidik ifrazı pozulmaları (tezləşmiş, azalmış, həddən artıq çoxalmış sidik ifrazı, sidikdə selik və qan və s.) böyrək xəstəliklərinə işarə edə bilər.


- Səbəbsiz halsızlıq, yorğunluq, baş ağrıları, hərarətin səbəbsiz qalxması da böyrək xəstəliklərinin əlaməti ola bilər.

Beləliklə, özünüzdə yuxarıda sadalanan simptomları müşahidə etdikdə, mütləq nefroloqun (böyrək xəstəliklərinin müalicəsində ixtisaslaşdırılmış mütəxəssis) müayinəsindən keçin.