“Yeni dalğanın gəlib-gəlməyəcəyini əvvəlcədən bilmək mümkün deyil”.
Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
“Son variant “Delta” ştammı ən son dalğanın səbəbkarıdır. Bu ştamm çox sürətlə yayılır. Bütün dünyada insanlar eyni səviyyədə peyvənd olmasa, yeni ştamlar yaranmağa davam edəcək.
Dünyada isə hər kəsə peyvənd bərabər paylanmır. Bir çox ölkədə peyvənd vurulması hələ 1%-in altındadır. Oralarda yeni ştamların meydana gəlməsi, oradan da dünyaya yayılması mümkündür. Başqa sözlə, heç kim yeni dalğanın gəlib-gəlməyəcəyini deyə bilməz. Amma ümid edirik ki, bütün tədbirlərin görülməsi, yeni peyvəndlərin ortaya çıxması pandemiyanın bitməsinə gətirib çıxarır.
Digər problem bu xəstəliyin dərmanının hələ də tapılmamasıdır. Böyük ümidlə onun tapılmasını gözləyirik. Yeni müalicə üsulları və dərmanlar ortaya çıxmalıdır. Bunların sayı çox azdır. Gələcəkdə daha effektiv müalicə və dərmanların ortaya çıxmasına və pandemiyanın sona çatmasına ümid edirik”.
H. Harmancı pandemiyanın nə vaxt bitə biləcəyi ilə bağlı suala isə konkret cavab verməkdə çətinlik çəkib:
“Bunu heç kim deyə bilməz”.