Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamının faydalı hesab etdiyi qidalar sizdə şişkinlik yaradırsa... - Nə etməli?

  • 2024.05.27 15:49
  • 1131 Baxış
Hamının faydalı hesab etdiyi qidalar sizdə şişkinlik yaradırsa... -  Nə etməli?
Yeməkdən sonra mədənizin inanılmaz dərəcədə şişdiyini hiss edirsinizsə, müəyyən qidalardan uzaq durmalısınız.

Mütəxəssislər bildirirlər ki, xroniki xəstəlik olmadığı halda qarın boşluğunda şişkinlik yaranırsa, səbəbi qazın yığılmasıdır. Bəzi qidalar həzm problemlərinə səbəb ola, bəziləri də həssas mədəyə zərər verə bilər. Hətta sağlamlığa çox faydalı olduğu düşünülən bəzi qidaları da diqqətlə istehlak etmək lazımdır.

Medicina.az bu baxımdan diqqətlə istehlak etməli olduğunuz qidaları təqdim edir:

Badam südü

Marketlərdə satılan badam südlərinin çoxunun tərkibində dəniz yosunundan əldə edilən karagenan var. Bu maddə xora kimi mədə problemləri ilə əlaqələndirilir.

Badam südü istehlak etmək istəyirsinizsə, lakin içdikdən sonra şişkinlik hiss edirsinizsə, deməli onu evdə hazırlamalısınız.

Soğan

Bir çox insan soğanı çiy yeyəndə həzm problemləri, həzmsizlik və şişkinliklə üzləşir. Soğan həzm sistemində qaz əmələ gəlməsinə səbəb olur. Bu isə gəyirməyə, şişməyə və mədə narahatlığına səbəb ola bilər.

Soğan istehlak etdikdən sonra bu hallarla üzləşirsinizsə, onu çiy halda yox, yaxşı bişirdikdən sonra yeməlisiniz.

Mərcimək

Mərciməkdə olan yüksək lif, həzm olunmayan şəkərlər və fitik turşusu həssas mədə quruluşunu zədələyə bilər. Mərcini 1 gecə bir az limon şirəsi və ya sirkə əlavə edilmiş soyuq suda saxlayın. Bu üsul turşunun səviyyəsini əhəmiyyətli dərəcədə azaldır və şişkinliyin qarşısını alır.

Saqqız

Saqqız çeynəməyin mədəni rahatlaşdırdığı məlum bir həqiqətdir. Bununla belə, bəzi saqqız növlərinin tərkibində həzm narahatlığına səbəb olan sorbitol var. Aldığınız saqqızın tərkibində sorbitol olmadığından əmin olun.

Quru meyvələr

Qurudulmuş meyvələrdə yüksək miqdarda fruktoza var. Ona görə də mədəsi həssas insanlar üçün həzmi çətinləşdirir. Quru meyvə mədədə qıcqırmaya və qaza səbəb ola bilər.

Yağlar

Həzmi çətin olan yağ növləri bir çox insanda mədə və çəki problemlərinə səbəb olur. Xüsusilə qarın nahiyəsini şişirdən və kökəlməyə səbəb olan yağlar trans yağlar, doymuş yağlar və Omeqa-6 yağlarıdır. Omeqa-6 sağlamlıq üçün lazım olsa da, balanssız və həddindən artıq istehlak mədə narahatlığına səbəb ola bilər.

Brüssel kələmi

Tərəvəzlərin hamısı bağırsaqda zəif həzm olunan və mədədə fermentləşə bilən fruktanlarla zəngindir. Mədəsi həssas olanlar və ya xüsusilə fruktoza malabsorbsiya sindromundan əziyyət çəkənlər qarın ağrısı, şişkinlik, bağırsaq vərdişlərində dəyişiklik, mədə yanması, ürəkbulanma kimi simptomlarla qarşılaşırlar.

Yüksək fruktan tərkibli qidalara diqqət yetirin. Fruktanlarla zəngin qidalar insan orqanizmi tərəfindən tam həzm oluna bilməz. Yüksək fruktanlı qidaları qəbul etdikdən sonra həddindən artıq şişkinlik hiss edirsinizsə, porsiyalarınızı məhdudlaşdırmağa çalışın. Xüsusilə buğda, arpa, çovdar, xurma, qreypfrut, lobya və sarımsaq yeyərkən bunu nəzərə alın.

Şişkinliyi necə azaltmaq olar?

Bu qidaları istehlak edərkən şişkinlik problemi yaşayırsınızsa, fərqli alternativlər tətbiq edə bilərsiniz. Həzmi asanlaşdırmaq üçün yeməyinizə bəzi karminativlər əlavə edin. Bunun həzm sistemini sakitləşdirməyə və şişkinliyi azaltmağa kömək etdiyi əsrlər öncəsindən bilinir. Zirə, hil, darçın, keşniş, şüyüd, zəncəfil, cəfəri və nanə kimi çoxlu otlar və ədviyyatlar var.

Şişkinliyi aradan qaldırmaq üçün nanə çayı dəmləyə və ya limonlu ilıq su içə bilərsiniz. Kərəviz, xiyar, ispanaq və cəfəri kimi orqanizmdə maye saxlanmasını azaldan tərəvəzlər də bu baxımdan faydalıdır. Yeməklərinizə probiotik qidalar əlavə edərək də bağırsaqların işini asanlaşdıra bilərsiniz.


Aysel