Hamiləlik dövründə bir çox qadınlarda gündəlik həyata mənfi təsir edən ürəkbulanma və qusma hallarına tez-tez rast gəlinir. Hamiləlikdə ürəkbulanma və qusmanın səbəbləri dəqiq məlum deyil. Amma hormonal vəziyyət, hamiləliyə adaptasiya olmaq və psixoloji uyğunluq mümkün olan səbəblər arasındadır. Çoxdöllü hamiləliklərdə plasenta həcmi artdığı üçün ürəkbulanma və qusma daha çox müşahidə edilir. Səhərlər ürəkbulanma hamiləliyin erkən dövrlərində başlayır və çox yayılan şikayət olduğu üçün tez-tez həkimlər tərəfindən ciddi qəbul edilmir. Bəzən də qadınlar dərmanlara etibar etmədikləri üçün müalicəni rədd edirlər.
Halbuki yüngül pəhriz və həyat tərzini dəyişdirərək bu problemi həll etmək olar. Ailem.az hamiləlikdə ürəkbulanma və qusmanı azaldan bir neçə məsləhəti paylaşır.
• Az, lakin tez-tez yeyin, yağlı və ədviyyatlı qidalardan uzaq durun.
• 2 saatdan bir kiçik ara yeməkləri yeməyə çalışın, beləcə, aclıq hiss etməzsiniz.
• Son kiçik payı gecə yatmazdan əvvəl yeyin ki, səhər yuxudan oyandıqda mədəniz bulanmasın.
• Yeməkləri yavaş-yavaş və yaxşı çeynəyin.
• Quru və soyuq qidalar yeyin
• Maye qəbulu pay aralarında olsun. Limonad ürəkbulanmanızı azaldacaq. Spirtli və kafeinli içkilərdən uzaq durun.
• Qoxulardan uzaq durun, mümkündürsə, yemək bişirməyin.
• Qızarmış, yağlı yeməklər yeməyin.
• Yeməkdən sonra uzansanız, başınızın altını hündür edin.
• Ürəkbulanma və qusmanı artıran güclü qoxulardan, istidən və səs-küydən uzaq durun.
• Küçəyə çıxın və təmiz hava alın.
• Maye itkisini, B vitamini qəbulunu və elektrolit tarazlığını düzəldin.
• Zəncəfilin müsbət təsiri var, cəhd edə bilərsiniz.
• Elektrik təsirli qolbaqlar və akupunktur fəaliyyəti şübhəlidir.
• B6 vitamini illərdir müalicədə istifadə edilir.