Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamiləlikdə koronavirus: Ana südü, peyvəndlər haqda vacib tövsiyələr

  • 2020.04.29 15:14
  • 4529 Baxış
Hamiləlikdə koronavirus:   Ana südü, peyvəndlər haqda vacib tövsiyələr

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın üzvü Aygün Rüstəmxanlının məqaləsi:

Koronavirus geniş virus ailəsinə aid olaraq insan və heyvanlara yoluxma qabiliyyətinə malikdir. Əvvəllər də koronavirusun insanlara fərqli növlərinin yoluxduğunu bilirik. Bu adi soyuqdəymə şəklində də ola bilər, eyni zamanda tənəffüs yolu infeksiyalaşması əlamətlərinin büruzə verdiyi ağır MERS (Middle East Respiratory Syndrome) və SARS (Severe Acute Respiratory Syndrome) kimi xəstəliklərə qədər dəyişə bilər. Ən son kəşf edilmiş koronavirus tipi (SARS-CoV2) COVİD-19 xəstəliyinin səbəbidir. 2019-cu ilin dekabrında Çinin Vuhan şəhərində baş vermis yayılmaya qədər yeni virus və səbəb olduğu xəstəlik tibbə məlum deyildi. Göründüyü kimi xəsətlik yenidir, elmə yeni məlumdur, fəsadları barədə məlumatlar tam deyil və mütəmadi olaraq yeni araşdırmalarla qarşılaşırıq. Hazırkı vaxta qədər doğum əsnasında anadan yenidoğulmuşa vertikal keçidin baş verdiyi ilə bağlı kliniki hal qeydə alınmayıb. Öncə onu bildirmək istəyirəm ki, xəstəlik elmə yeni məlum olduğundan aparılmış məhdud araşdırmalar doğum anında yoluxmanı tam inkar etməyə əsas vermir. Bunun tam isbatı üçün geniş araşdırmalar vacibdir və bu müddət ərzində körpələr risk qrupuna aid edilməlidir. Bəzi araşdırmalara baxaq: Çində tədqiqatların birində 9 COVİD-19 pozitiv və simptomlu hamilədə eyni zamanda 3 yerdə COVİD-19 testi aparılmışdır; dölyanı sularında, göbək ciyəsində, yenidoğulmuşlarda əsnək yaxmasında. Bütün nəticələr neqativ olmuşdur. Eyni zamanda 30 COVİD-19 pozitiv hamilə üzərində aparılmış bənzər araşdırmada 3 yenidoğulmuşda COVİD-19 testi pozitiv çıxmışdır.

Göründüyü kimi, dölyanı sularda və göbək ciyəsində COVİD-19 neqativ olduğundan, bu günə qədərki məlumatlara görə bətndaxili yoluxma müşahidə olunmamışdır fikrini söyləmək olar. Lakin digər qrupda 3 yenidoğulmuşda COVİD-19 təsdiqlənməsinə baxmayaraq tədqiqatçılar yoluxmanın doğuşdan sonra hava-damcı yolu ilə baş verdiyinə üstünlük versələr də, bətndaxili yoluxmanı da istisna edə bilmirlər. Nəzərdə tutmalıyıq ki, təbii doğuş zamanı, doğum anında sidik və nəcis vasitəsilə təmas olma ehtimalı da vardır. Lakin yenidoğulmuşlarda da COVİD-19-a yoluxma səbəbi olaraq daha cox hava-damcı yolu düşünülür. Belə ki, pozitiv ana və ya digər insanlarla təmas olduqda körpə risk qrupuna daxil olur.

Təsdiqlənmiş və ya şübhəli hamilə qadınların doğuşu perinatal və neonatal dövrdə qeydə alınıbsa, doğum COVİD-19 riski və yanaşı ola biləcək digər fəsadlar və ağırlaşmalar da nəzərə alınaraq, uyğun bir müalicə tətbiqi ücün müvafiq tibbi xidmət göstərə biləcək, COVİD-19 xəstələrinə xidmətlə bağlı tam təlimatlanmış, təcrid şəraiti ilə təmin edilmiş klinikada, III səviyyəli neonatal reanimasiya şöbəsində baş verməlidir. Fəsadlar yaranma ehtimalına gəlincə, birmənalı olaraq yüksəkdir və ya risk azdır demək mümkün deyil. Cünki, xəstəliyin özünün tarixi azdır. Hamiləliyin birinci, ikinci və ücüncü trimestrində müxtəlif infeksiyalarla yoluxma hallarında doğulmuş körpə, biz həkimlərinin qarşısına müxtəlif əlamətlərlə cıxa bilir. Dediyim kimi COVID-19 pozitiv hamilədə ilk aylarda yoluxma halı qeydə alınmış olsaydı, ana bətnində döldə ilk aylarda bətindaxili yoluxmanın və fəsadın olma riski nələrdir, əlamətləri və fəsadları yenidoğulmuşda özünü necə büruzə verərdi, deyə bilmirik, çünki, bunu əsaslandıracaq elmi mənbələr yoxdur . Buna əsasən fəsadları birmənalı olaraq dəyərləndirmək mümkün deyil.

Bəs neonatoloqun xəstəlik ehtimalı olan yenidoğulmuşa yanaşması nə şəkildə olmalıdır? Yenidoğulmuşda xəstəliyə yoluxma olarsa, özünü nə şəkildə büruzə verir? Biz iki vəziyyətlə qarşılaşa bilərik:

1. Sübhəli COVİD-19

Doğuşdan 14 gün əvvəl və ilk 28 günlük dövrdə COVID-19 ilə yoluxma anamnezi olan anadan doğulmuş körpə və ya ailədə, ziyarətçilərdə, körpəyə baxan tibb personalında COVID-19 infeksiyası varsa, yenidoğulmuş körpədə simptomun varlığından asılı olmayaraq şübhəli haldır.

2.Təsdiqlənmiş COVID-19

Tənəffüs yolu və ya qan nümunəsində COVID-19 PCR pozitivdirsə, bu, təsdiqlənmiş hal sayılır. İnkubasiya - yəni xəstəliyin yoluxma anından birinci əlamətin yarandığı dövrə kimi olan müddəti ortalama 3-7 gün (min-max: 1-14 gün) olan infeksiyanın əsas yoluxma yolu damcı və təmas ilə olur. Fekal-oral ötürülməsini göstərən tədqiqatlar da mövcuddur. Klinik şəkli patoqnomonik deyildir: həyati əlamətlərdə dəyişikliklər yəni-termolabillik, taxipnoe, taxikardiya tənəffüs çətinliyi yəni - tənəffüşün xırıltılı olması, burun pərlərinin gərginliyi, tənəffüsün qısa müddətli dayanması - apnoe dediyimiz halları; öskürək, mədə-bağırsaq traktı əlamətləri yəni - qusma, ishal, qarın distaniyasıvə letargiya müşahidə edilə bilər.

Bu zaman yanaşı digər qan müayinələri də aparılır ümumi analizi - normal və ya bəzi dəyişiklərlə ( leykopeniya, limfopeniya, yüngül trombositopeniya) ola bilər.

Biokimyəvi qan təhlillərində də müəyyən dəyişikliklər ortaya cıxa bilər (CK, ALT, AST, ALP, LDH arta bilər). Güclü şübhəli hallarda Covid -19 testinin nəticəsi mənfi olsa belə, 24 saat fasilə ilə təkrar nümunə göndərilməsi düşünülməlidir. Nümunə götürülə biləcək yerlər: yuxarı tənəffüs yolları (nazofarinks-orofarinks yaxma/aspirat) və aşağı tənəffüs yolu (bəlğəm, endotraxeal aspirasiya, bronxoalveolar lavaj).

Sürətli testlə bağlı yenidoğulmuşlarda spesifiklik və həssaslıq haqqında kifayət qədər məlumat yoxdur. Rentgen görüntüdə ola biləcək dəyişikliklər: Ön və arxa ağciyər rentgen şəklində pnevmoniya, qarın rentgenində ileus əlamətləri görülə bilər. Həm kliniki, həm labarator ola biləcək bu dəyişikliklər yenidoğulmuşda bir sıra başqa səbəblərlə də bağlı ola bilər, bu, diqqətdən yayınmamalıdır.

Başqa bir məqam, virusa yoluxan qadından süd verməklə körpəyə virus kecə bilərmi? Süd müayinə olunmalıdırmı? ÜST və CDC hesab edir ki, qorunma tədbirləri görüldükdən sonra, ananın körpəni əmizdirməsi vacibdir . Əgər kliniki vəziyyət həm anada, həm körpədə uyğun deyilsə, sağılmış ananın südü sağılaraq verilə bilər. Ananın və körpənin ya birinin və ya hər iksinin klinik vəziyyəti uyğundursa, "ananın körpəni əmizdirməsi üçün" və ya "sağılmış südün" körpəyə verilməsi üçün ailə məlumatlandırılır , müzakirə edilərək vəziyyət tam izah edilərək qərar verilir. Ana südü analizi aparıla bilən mərkəzlərdə COVID-19 PCR ana südünə baxıla bilər. Bunu tövsiyə edən mənbələr və rəhbərlər vardır. Ananın kliniki vəziyyəti ağırdırsa, südünün sağılması və transportu təmin edilərək körpəyə verilməlidir , körpə mümkün qədər süddən məhrum olmamalıdır. Eyni zamanda , əmizdirməyə öz sağlamlığı müsait olmayan ananın südünün tez - taz sağılması laktasiyanı artıracaq, bu şəkildə ana sağaldıqdan sonra körpəsini rahatlıqla qidalandırmağa davam edəcəkdir . Lakin süd sağılma zamanı kontaminasiya olma ehtimalı da nəzərə alınmalıdır, izolyasiya, gigiyena, sterilizasiya qaydalarına ciddi riayət olunmalıdır.

Pandemiya dövründə neonatal xidmətin təşkilinə gəlincə, qeyd edim ki, dövlət başçımızın göstərişi ilə ölkəmizdə tam təminatlı klinikalar pamdemiya klinikaları kimi fəalliyyət göstərir, eləcə də mənim çalışdığım Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası. Pandemiya klinikalarına cəlb olunan tibb personalı müvafiq təlim keçiblər. Məsələn, bizim klinikada neonatologiya şöbəsi iki mərtəbəni əhatə edir və bu da xəstənin və tibb personalının izolyasiyası baxımından bizim işimizin keyfiyyətinin artırmış olur. Əslində digər ölkələrdən fərqli olaraq belə xəstələrə yanaşma prinsipini, ayrı-ayrlıqda bir sahənin və həmin sahə mütəxəssislərinin nailiyyətini ölkə başçısının vaxtında atılmış addımının uğurlu nəticəsi kimi qiymətləndirmək və xüsusi qeyd etmək lazımdır. Klinikamız kimi tam təminatlı, tibbin bütün sahələrini əhatə edən müəssisənin yalnız izolyasiya olunmuş xəstələrə xidmət etməsi həm xəstələrə, həm də sağlam insanlara qayğının və diqqətin göstəricisidir. Ölkəmizdə COVID-19 pozitiv xəstələrlə yanaşı başqa sağlamlıq problemləri olan insanlar da var və bunlara xidmət göstərən həkimlərin, tibb personalının, hətta tibb müəssisələrinin ayrılması yüksək qiymətləndirilməlidir. Zənnimcə, heç bir ölkədə bu səpgidə izolyasiya tədbirləri aparılmamışdır. Hesab edirəm ki, ölkəmizin göstəricilərində müsbət dinamika bunun nəticəsidir və çox vacib amillərdən biridir.

Pandemiya zamanı riskli ana və yenidoğulmuşa tibb işçilərinin yanaşması və şöbənin təchizatı barədə stolüstü bir elmi əsaslı protokolun olması vacib idi. Bunun üçün rəhbərlik etdiyim şöbənin iki həkimini də cəlb edərək, bizdən daha öncə müxtəlif ökələrdə, eləcə də Türkiyədə dərc olunmuş neonatologiya üzrə protokollara nəzər yetirib ümumiləşdirdik, Azərbaycan dilinə çevirərək daha oxuna bilən şəkildə həkim yoldaşlarla paylaşdıq. Həmin materialda yenidoğulmuşa doğum zalındakı ilk andan etibarən düzgün yanaşma, izolyasiya qaydaları, müdaxilə və müayinə prinsipləri; dinamikanın izlənilməsi ətraflı izah olunub.

Bunu hazırda üzvü olduğum Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının səhiyyənin bu sahəsinə verdiyi ümumi kömək kimi təqdim etmək istərdim. Baş neonatoloq, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın sədri Rüstəm Hüseynov başda olmaqla, digər əməkdaşlarla birgə yenikliləri izləyir, ümuimi işin inkişafı ilə bağlı fikir mübadiləsi aparırıq.

Pandemiya dövründə, biz uşaq həkimlərinin qarşısında duran vacib məqamlardan biri də, yenicə körpə sahibi olan ailələri digər peyvəndlərlə bağlı daha ətraflı maarifləndirməkdir. Körpələrin rutin digər peyvəndləri hazırkı pandemiya səbəbi ilə qətiyyən təxirə salınmamalıdır. Eyni zamanda ana südü ilə qidalanmanın nə qədər əhəmiyyətli olduğunu bir daha vurğulamaq istərdim və anaların bu məsələyə daha diqqətli, savadlı yanaşmalarını tövsiyə edərdim. Körpənizdə immun sisteminin formalaşması və güclənməsi üçün ana südü kimi əvəzsiz 2-ci bir amil yoxdur...