Hamiləlik zamanı tüpürcəkdə turşuluğun artması dişlərdə çürüməni artırır. İlk aylarda qusmanın olması da çürük riskini artırır.
Medicina.az xəbər verir ki, ginekoloq Firuzə Cəfərzadənin sözlərinə görə, diş ətində problem olan analar ağız gigiyenasına qarşı daha da diqqətli olmalıdırlar:
"Qadınlar diqqətli olmasalar hamiləlikdə hormonal dəyişikliklərlə əlaqədar diş problemləri daha da artacaq. Dişləri qanayan hamilələr dişlərini fırçalamaqdan çəkinirlər və bu vəziyyət dişlər üzərində daha çox bakteriyaların artmasına səbəb olur".
Bəs hamiləliyin hansı dövründə dişlər müalicə edilə bilər?
"İlk 3 ayında uşağın orqanları formalaşdığı üçün bu həftələrdə yaranan hər hansı bir infeksiya uşağa mənfi təsir edə bilər. Lakin şiddətli ağrıya səbəb olan və müdaxilə edilməsi gərəkən bir vəziyyət varsa diş çəkilə bilər. Diş həkimi düzgün keyitmə ilə dişinizi çəkə və ya kanalı doldura bilər.
İkinci üç aylıq dövr -Bu mərhələ diş çəkimi və müalicəsi üçün ən uyğun zamandır.
Üçüncü üç aylıq dövr - Bu zaman uşaq ana qarnında çox böyümüş olur və stress doğuma səbəb ola bilər. Bu səbəbdən də təcili müdaxilə gərəkmədikcə diş müalicənizi doğumdan sonraya saxlayın",- deyə Cəfərzadə vurğulayıb.