Hamiləlik zamanı bunu etmək autizm riskini artırır

  • 2024.07.22 23:11
  • 799 Baxış
Hamiləlik zamanı bunu etmək  autizm riskini artırır
Alimlər müəyyən ediblər ki, hamiləlik zamanı riayət olunan qidalanma tərzi körpənin autizmə tutulma riskinə təsir edir.

Medicina.az bildirir ki, sosial qarşılıqlı əlaqə və ünsiyyətdə problemlər yaradan autizm spektri pozğunluğunun həm ətraf mühit, həm də genetik faktorlardan qaynaqlandığı düşünülür.

Əvvəlki araşdırmalar, hamiləlik dövründə qəbul edilən multivitamin və fol turşusu əlavələrinin autizm riskinin azalması ilə əlaqəli olduğunu müəyyən etmişdi.

“JAMA Network Open” jurnalında dərc olunan yeni araşdırma çərçivəsində İngiltərə və Norveçin iki əhatəli məlumat bazasından istifadə olunub. Beləliklə, ən azı 95 min ana və körpənin məlumatları təhlil edilib.

Birləşmiş Krallıqda məlumatlar 1990-1992-ci illərdə və Norveçdə 2002-2008-ci illərdə toplanıb.

Uşaqlar ən azı 8 yaşına qədər izlənilib. Tədqiqatçılar müəyyən ediblər ki, hamiləlik dövründə sağlam qidalanan anaların uşağına autizm diaqnozu qoyulma ehtimalı pis qidalananlara nisbətən 22 faiz aşağı olur.

Sağlam qidalanmaq dedikdə doymuş yağlardan, işlənmiş ətdən, şirin içkilərdən və lazımsız karbohidratlardan uzaq durmaq, eyni zamanda müntəzəm olaraq tərəvəz, meyvə, çərəz, balıq və tam taxıllar istehlak etmək nəzərdə tutulur.

Hamiləlik dövründə müntəzəm olaraq sağlam qidalanan anaların uşaqlarının sosial problemlərinin yaranması ehtimalının da 24 faiz azaldığı anlaşılıb.

Ananın pis qidalanmasının qız uşaqlarına daha pis təsir etdiyi müəyyən edilib.

Yalnız müşahidəyə əsaslanan araşdırma sağlam qidalanmanın autizm riskini niyə azaltdığı sualına cavab vermir.
Tədqiqatçılar hamiləlik zamanı riayət edilən pəhrizin DNT və ya immunitet sisteminə təsir göstərə biləcəyini irəli sürürlər.

Autizm hallarının təxminən 40-80 faizinin genetik mənşəyə malik olduğu təxmin edilir. Bu səbəbdən sağlam qidalanan analardan dünyaya gələn uşaqlarda da autizm ehtimalı var.

Tədqiqat qrupu tapıntılarını təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu etiraf edib.


Aysel