Hamilə qadınlar üçün vacib olan ”İmmunoRho 1500” preparatının saxta versiyası satılır.
Səhiyyə Nazirliyindən qeydiyyatdan keçməyən, İrandan naməlum mənbələrdən alınıb qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilib, hətta bəzi həkimlər vasitəsilə satılan bu iynə həm hamilə, həm bətndəki körpənin həyatı üçün ciddi təhlükə yaradır.
Artıq bir neçə qadının saxta preparatın qurbanı olduğu bildirilir.
Dərmanın saxtası ilə orijinalını qutu, üzərindəki yazı, şpris vasitəsilə fərqləndirmək çox çətindir.
Saxta ilə orijinalı fərqləndirmək üçün videomaterialı izləyin.
Əgər sizə saxta preparat satıblarsa və ya həkim veribsə, o zaman dərhal qaynar xəttə zəng etməyiniz tövsiyə olunur: (055) 409 00 17
Medicina. az xəbər verir ki, xüsusən, rayonlarda və özəl klinikalarda bəzi ginekoloqlar hamilə pasiyentlərinə bu preparatı təyin edərkən, onun saxtasını almaları üçün bəzi şəxslərə yönəldirlər. Həkimlərə bu dərman dəllalları tərəfindən yüksək faiz verilir.
"İmmunoRho" iynəsi hansı hallarda təyin olunur?
Ər-arvadın qan qruplarında rezus uyğunsuzluq olduğu zaman, xüsusən rezus faktoru mənfi olan ananın qan dövriyyəsinə dölün müsbət qan hüceyrələri keçən zaman Rh izoimmunizasiya baş verir. Bu zaman döl üçün ciddi təhlükə yaranır, Dölün qırmızı qan hüceyrələri parçalanır. Bu faktor ananın səhhətinə təsir etmir, qanında dəyişiklik yaratmır, lakin dölün və yenidoğulmuşun vəziyyətini dəyişir.
“İmmunoRho” antirezus immunoqlobulin olub, anada baş verən RH izoimmunizasiyasının qarşısını alır, uşağın sağlam doğulmasına kömək edir. Bu preparat hazır şpris formasındadır.
Əgər vaxtında hamiləyə “İmmunoRho” təyin edilməsə, döldə anemiya, ağır sarılıq, beynin zədələnməsi, beyində dəyişikliklər, inkişafdan geri qalma, hətta bətndə və doğulan kimi ölümə səbəb olur.
Bu preparat olmayan dövrlərdə bu səbəbdən körpə ölümü 80%-ə çatırdı, uşaqları xilas etmək mümkün olmurdu.
Məhz “İmmunoRho 1500” bu problemin həllində tibdə qızıl standartdır və başqa müalicə yoxdur.
Azərbaycana orijinal dərmanı kim gətirir?
“İmmunoRho”nu istehsal edən “Kedrion Biopharma” zavodunun Azərbaycanda rəsmi distribüteri “Altes Pharm” şirkətidir. O, rəsmi şəkildə, sertifikatla və Səhiyyə Nazirliyinin keyfiyyət standartlarına uyğun “İmmunoRho 1500 BV” şpris preparatını Azərbaycana qanuni idxal edərək, satışını həyata keçirir.
Orijinal preparatın heç bir əks təsiri yoxdur.
Şirkəti narahat edən məqamlardan biri belə həyati əhəmiyyətli dərmanın eyni formada, eyni qutuda saxta versiyasının ölkəyə ayaq açmasıdır.
Diqqətinizə çatdıraq ki, bu dərman insan qanından hazırlanıb. Onun saxlanma temperaturu 2-8 dərəcə olmalıdır. Əks halda parçalanır, keyfiyyəti itir.
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən məhsulun saxlanması, daşınması zamanı heç bir qaydalara əməl olunmur, preparat günlərlə çantada, cibdə gəzdirilir.
Bu zaman keyfiyyətini itirmiş preparat hamilə qadın və döldə çox ciddi fəsadlar verir: anada allergik reaksiyalar, ödem, şiş, qanda dəyişiklik, bətndəki döldə isə hemolitik xəstəliklər, anemiya, ağır sarılıq, beyin zədələnməsi, beyində pozulmalar, hidrops, ölüm baş verir.
Çox zaman həkimlər dölün ölümünün səbəbini anlamır, vaxtında “İmmunoRho” təyin etdiklərini düşünürlər.
Qeyd edək ki, bəzi həkimlər dərmanın saxta olduğunu bilə-bilə qaçaqmalçı şəbəkə ilə işbirliyinə girərək, öz mənafeyini güdür.
“Altes Pharm” distribüteri olduğu preparatın saxta versiyasının yayılmasından çox narahatdır. Bir daha həkimləri, hamilələri ehtiyatlı və diqqətli olmağa çağırır.
Aygün M.