Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı hamilə qadınları da peyvəndləmə proqramına daxil edib. Belə ki, artıq hamilə qadınlar peyvənd oluna bilərlər. Amma hamilə qadınlar bir qədər tərəddüd edir və yaxud həyati təhlükə yaranar deyə qorxurlar.
Peyvəndləmədən sonra hamilə qadınlar üçün hansı təhlükə yarana bilər və yaxud, risklər varmı?
Məsələ ilə bağlı Tibb Universitetinin Tədris Cərrahiyə klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov Bakupost.az -a bildirib ki, kovid əleyhinə mübarizə ilk olaraq peyvəndləmədən başlayır. Hazırlanan peyvəndlər iki şəkildə olur:
"Bir virusun yarı canlı şəkildə, məsələn “Pfizer” istifadə etdiyimiz peyvəndlər, bir də aktiv olmayan Çin məhsulu olan “Sinovac”dır. Bunların əsas məqsədi, bədəndə yaranan antitellərlə virus əleyhinə mübarizəni gücləndirməkdir. Antitellər bədəndə peyvənddən sonra, bir də xəstəlikdən sonra yarana bilər. Amma bilirsiniz ki, hamiləliyin özünün bədənə gətirdiyi bir neçə gərginliyi və ağırlığı var. Fizioloji olaraq bədən stressin içinə girmiş olur. Bütün orqanlar normadan artıq fəaliyyətə başlayır. Bununla bərabər bir də kovidin yüklənməsi və xəstəliyin aktivləşməsi ilə hamilələrdə böyük fəsadlara təngənəfəsliyə və ağciyər zədələnmələrinə gətirib çıxardır.
Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı bu peyvəndlənmə proqramına hamilələri də daxil edib. Buna bənzər peyvəndlənmə proqramları daha əvvəlki illərdə virus xəstəlikləri əleyhinə bu kimi peyvəndlər hazırlanıb.
Təcrübələr də göstərib ki, bu kimi peyvəndlərin hamiləliyə heç bir mənfi təsiri yoxdur.
Elmi məlumatlara əsaslanaraq deyə bilərik ki, kovid əleyhinə olan peyvəndlər də hamilələrə vurularsa heç bir zərəri olmaz. Çünki istər yarı-aktiv olan "Pfizer", istərsə də Çin məhsulu olan peyvəndlər daha əvvəlki təcrübələrdə göstərib ki, hamiləyə birinci, ikinci, üçüncü trimesterlərdə heç bir zərər verməyib. Tam tərsinə, normal bir insan kovidə yoluxarsa, onu xəstəxanaya yerləşdirmək, tənəffüs cihazına bağlamaq və başqa müalicələr aparmaq daha asandır nəyinki hamiləyə. Hamiləni tənəffüs sisteminə bağlamaq, verilən dərmanlar uşağa əks göstərişi ola bilər, ona görə də çox təəssüf ki, müalicələr kompleks şəkildə aparıla bilmir. Hamiləlikdən əvvəl peyvəndin olunması və antitellər əmələ gəldikdən sonra hamilə qalmaq ən uyğunudur.
Hamiləlik dönəmində bu peyvəndlərin heç bir əks göstərişi də yoxdur. Bütün pasiyentlərimizə də peyvəndlənmə proqramına daxil olmalarını məsləhət görürük.
Azərbaycanda insanların aktiv, qeyri-aktiv peyvəndlər pfizer və sinovacın içində hansını seçə bilərik mövzusuna toxunsaq, "Sinovac" daha az fəsadlı ola bilər. Çünki aktiv olmayan bir kompanent tərkibindədir və hamiləyə daha az zərərlidir. Onun allergik reaksiyaları və başqa bir verdiyi fəsadlar daha azdır, nəinki "Pfizer" istehsalı olan.
Əks göstərişlərinin içində isə əlbəttə ki, hamilə olmayanlara da aid olan əks göstərişlərdir. Ya qrip xəstəliyi, ya qızdırmanın olması, ya allergik reaksiyadır və ona bənzər əks göstərişlərin hamısı hamilələr üçün də keçərlidir. Lakin hamilələr peyvənd olunandan sonra, ortalama olaraq 1-2 saat peyvənd vurulan tibb məntəqəsində nəzarətdə qalmalıdırlar ki, əgər alllergik reaksiya verərsə şok əleyhinə tədbirlər görülsün.
Çünki şok həyati təhlükə yarada bilən bir problemdir. Südverən analar da peyvənd oluna bilərlər. Olunan peyvəndlərin nəticəsində yaranan antitellər araşdırmalarda südə, südlə də uşağa keçir. Uşağı da dolayı yolla kovid əleyhinə bir qoruma təmin edir. Ona görə peyvəndləmə proqramına həm hamilələr, həm də süd verən analar da peyvənd oluna bilər. Lakin çox yaxşı olardı ki, xanım hamilə qalmamışdan əvvəl iki doza peyvəndləmədən sonra hamilə qalsalar daha uyğun olar. Peynənd olunduqdan sonra əgər heç bir reaksiya yoxdursa, bir həftə, 10 gün sonra hamiləlik planlamasına keçə bilərlər”.
Ginekoloq (Qadın xəstəlikləri və doğuş uzmanı) dr. Rəşad Sultan da bildirib ki, vaksinasiyadan yox, xəstəlikdən qorxmaq lazımdır:
“Biz artıq gördük ki, hamilələr də koronavirusa yoluxmağa başlayır. Demək olar ki, təqib etdiyimiz bütün hamilələr virusa yoluxdu. Biz də, xəstələrimiz də narahat olduq.
Düzdür qrip virusu, koronavirus dölə keçmir, döldə problem yaratmır. Amma bizim obyektivimiz təkcə döl deyil, anaya görə narahat oluruq. Hamiləlikdə immunitet azaldığına görə, bəzi xəstəliklər daha ağır keçdiyinə görə narahat oluruq. Ona görə də vaksinasiyadan yox, birinci xəstələnməkdən qorxmaq lazımdır.
Hamilələr isə mütləq yüz qat qorunmalıdır. Qorunmaq üçün də əlimizdəki spesifik və effektiv metod vaksindir. İndi bəzi canlı virus vaksinalarını hamiləlikdə məsləhət görmürlər ki, milyonda bir xəstəlik törətmə ehtimalı var. Amma bilirik ki, koronavirus vaksini canlı vaksinə deyil. O ya zülal, ya da RnT fraqmentidir.
Ona görə də bu vaksinin hamilələrdə problem və ya infeksiya yaratmaq ehtimalı yoxdur. Dölə də canlı virus özü keçmir. Beləliklə vaksinin nə anaya, nə uşağa heç bir ziyanı yoxdur. Bütün hamilə qalmağa hazırlaşan qadınlara vaksin olmağı məsləhət görürük.
Vaksinin nə yan təsiri var?
Istər hamilə olsun, istər olmasın vaksinin ancaq allergik və pirogen reaksiya. Yəni yad cisimdir, yabancı zülaldır. Məhz buna görə vurulur. Əgər bədəndə reaksiya törətmiyəcəksə, immunitet də yaratmaz. Yəni immunitet yaratsın , reaksiya törətsin deyə vurulur. Bəzən reaksiya biraz aşırı olur. Kiminin qızdırması qalxır, kimi biraz halsız olur. Bundan qorxmaq lazım deyil.
Bu birinci və axırıncı vaksinasiya deyil ki, anadan doğulandan vaksin oluna-oluna gəlirik. Bir qolumuzda çiçək, o birində vərəm vaksini, dilimizə damızdırılan poliomielit vaksini, daha sonar yeni çıxan hepatit vaksinləri. Yəni əhali elə danışır ki, sanki birinci dəfədir vaksin olunub”.