“Hər bir hamilə qadın mütləq şəkildə qadın məsləhətxanalarında qeydiyyata durmalı və İİV-lə bağlı (İnsanın İmmunçatışmazlığı Virusu) müayinələrdən keçməlidir”.
"Medicina" xəbər verir ki, QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova məlumat verib.
- İİV infeksiyası insanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sisteminin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. QİÇS isə İİV-infeksiyasının sonuncu mərhələsidir. Bu mərhələdə artıq immun sisteminin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar, o cümlədən vərəm, mərkəzi sinir sisteminin zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir.
İnfeksiyaya yoluxmanın üç əsas yolu var: Birinci cinsi yolla, yəni İİV-ə yoluxan insanla cinsi kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində baş verir. Eyni zamanda, İİV-lə çirklənmiş tibbi ləvazimat, narkotik istifadəçiləri arasında qeyri-steril şprislərin, gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində parenteral yoluxma baş verə bilər. Həmçinin, İİV-ə yoluxan anadan hamiləlik dövründə uşağa, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində isə perinatal yolu ilə yoluxma mümkündür.
- Cinsindən, yaşından, irqindən, sosial statusundan asılı olmayaraq hər bir şəxs İİV-ə yoluxa bilər. İİV-ə yoluxma daha çox profilaktik tədbirlərə əməl etmədikdə baş verir. Ölkəmizdə bu virusa yoluxma halları xüsusilə risk qrupları arasında daha çox yayılıb. Buna baxmayaraq, son illərdə təsadüfi, qoruyucusuz heteroseksual cinsi əlaqələr nəticəsində də yoluxma halları qeydə alınıb. Bu səbəbdən insanların İİV-ə yoluxmamaq üçün profilaktik tədbirlərə riayət etmələri olduqca vacibdir.
İİV-ə müayinələr Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 regional laboratoriyalarda və könüllü müayinə məntəqələrində aparılır. İİV-ə müayinələr anonim qaydada, ödənişsiz, konfidensiallıq qorunmaq prinsipi ilə həyata keçirilir.
- İİV-ə yoluxan şəxslərin müalicəsi antiretrovirus terapiya adlanır. Müalicə Respublika QİÇS-lə Mübarizə Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə müvafiq olaraq müasir müalicə rejimləri əsasında aparılır. Xəstələrin ARV preparatları ilə təmin edilməsi tamamilə ödənişsiz, dövlət hesabına həyata keçirilir. İİV infeksiyası diaqnozu təsdiqləndikdən sonra xəstələr dispanser nəzarətə götürülərək antiretrovirus terapiyaya cəlb olunurlar. Mərkəzin həkim-infeksionistləri və psixoloqları onlara məsləhətlər verirlər. Həmçinin, mütəxəssislər tərəfindən hər bir xəstəyə individual yanaşma, yəni hər bir xəstənin yaşı, çəkisi, müayinə nəticələri, ağırlaşmaları, yanaşı xəstəlikləri və s. nəzərə alınaraq müalicə sxemləri təyin olunur. Dərmanların qəbul qaydası, müalicəyə sadiqlik, fasiləli müalicənin fəsadları, monitorinq müayinələrinin vacibliyi barədə xəstələr mütəxəssislər tərəfindən ətraflı məlumatlandırılırlar.
- Azərbaycanda İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) uğurlu şəkildə həyata keçirilir. Belə ki, son beş il ərzində qeydiyyata götürülən və antiretrovirus terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halı qeydə alınmayıb.
Hər bir hamilə qadın mütləq şəkildə qadın məsləhətxanalarında qeydiyyata durmalı və İİV-lə bağlı müayinələrdən keçməlidir. Hamilə qadın antiretrovirus terapiya qəbul etdiyi təqdirdə virus yükü qanda təqdim edilməyəcək səviyyəyə qədər enir və dölün yoluxma ehtimalı azalır. Qeydiyyatda olan hər bir qadın hamiləlik planlaşdırmadan öncə mütləq şəkildə davamlı antiretrovirus preparatları qəbul etməlidir.
Aygün Musayeva