Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

  • 2022.10.01 18:19
  • 5086 Baxış
Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb.


"Medicina" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat yayılıb.


Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyati əhəmiyyətli sahələrdə, o cümlədən tibbi xidmətin təminatı sahəsində də genişmiqyaslı işlər görülməkdədir. Bu işlər çərçivəsində bu gün Hadrut Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.


Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Beyləqan Rayon Mərkəzi Xəstəxanasının struktur vahidi kimi yaradılıb. Mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Beyləqan Rayon Mərkəzi Xəstəxanasından ezam olunan təcili tibbi yardım briqadası, həkim, orta tibb işçisi və kiçik tibb işçisi olmaqla 12 personal xidmət göstərəcək.

Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 6 min vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Bundan əlavə, ASM-də 24 saat ərzində təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulansla tam təchiz olunub.

ASM-in açılışında TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Prezidentin Xocavənd rayonu üzrə səlahiyyətli nümayəndəsi Əli Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan və Xocavənd rayon mərkəzi xəstəxanalarının direktorları və Hadrut Ailə Sağlamlıq Mərkəzində çalışan tibb işçiləri iştirak ediblər.

Qeyd edək ki, indiyədək Hadrutda tibbi xidmət Beyləqan və Xocavənd rayon mərkəzi xəstəxanalarının səyyar briqadaları vasitəsilə təmin edilib.

Xatırladaq ki, Hadrut qəsəbəsində dövlət qurumlarında, təmir və tikinti şirkətlərində çalışan vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə ilkin səhiyyə xidməti göstərən Hadrut Ailə Sağlamlıq Mərkəzi Ağalı Ailə Sağlamlıq Mərkəzindən sonra işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlamış ikinci ilkin səhiyyə xidməti müəssisəsidir.