Gözdəki zəifliyi aradan qaldırmaq üçün son illər lazerlə əməliyyat ən uğurlu addım hesab edilir. Lakin bu cür əməliyyatlara münasibət birmənalı deyil.
Bəzi xəstələr düşünür ki, əgər lazerlə əməliyyat bu qədər uğurludursa, nə üçün göz həkimləri eynək taxır?
Medicina.az publika.az-a istinadən xəbər verir ki, xəstələri maraqlandıran bu suala türkiyəli oftomoloq Mehmet Gülməz aydınlıq gətirib. Həkim əvvəlcə lazerlə əməliyyatın üstünlüklərindən danışıb:
"Linza və ya eynək istifadə etmək istəməyənlər üçün lazerlə göz müalicəsi rahat üsuldur. Çünki bu əməliyyatdan sonra qısa zamanda eynəkdən xilas olursunuz və qısa müddətdə aktiv həyata başlaya bilirsiniz”.
"Lazer həqiqətən etibarlı bir müalicədirsə, nə üçün həkimlər eynək istifadə edir?" sualına cavabında həkim bildirib ki, lazer miopiya, hipermetropiya və astiqmatizmin müalicəsi üçün həyata keçirilən refraktiv cərrahiyyədə bütün dünyada istifadə edilən ən ümumi metoddur.
"Bu ən uğurlu üsul olsa da, hər kəsə tətbiq edilmir. Yəni lazerlə əməliyyat olmaq istəyirəm deyə həkimə müraciət edən hər kəsi əməliyyat etmirik. Bunun üçün xəstələrin 18 yaşı tamam olmalı, eynək və ya liza istifadə etmələri mütləqdir. Həmçinin gözdəki zəiflik dərəcəsi son bir ildə çox inkişaf etməməli, kornea qalınlığı yetərli olmalı, diabet, revmatizm, həmçinin gözündə başqa bir xəstəliyi olmaması əməliyyat qərarı üçün vacib şərtlərdəndir. Xəstəxanalarda oftomoloq və digər sahə həkimlərinin eynək istifadə etməsinin səbəbi onların lazerlə əməliyyat güvənməməsi deyil. Sadalağımız səbəblərdən biri ilə və ya ümumiyyətlə əməliyyata uyğun olmaması ilə bağlıdır”, - deyə həkim əlavə edib.