Gürcüstanda yaxın günlərdə 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı peyvənd olunmasına başlanılır.
Medicina.az xəbər verir ki, bunu Gürcüstanın İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının direktoru İvane Çxaidze deyib.
Onun sözlərinə görə, ölkənin iki seçimi var. Birincisi, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq 12 yaşdan yuxarı uşaqlar risk qrupuna aiddirsə, onları peyvənd etmək, ikincisi isə, sağlamlıq vəziyyətindən asılı olmayaraq 12 yaşdan yuxarı bütün uşaqları peyvəndləməkdir.
Çxaidze bildirib ki, ABŞ, Kanada və bir çox Avropa ölkəsi ikinci variantı seçib: “Hər iki variant nəzərdən keçiriləcək və qərar veriləcək. İstənilən halda, yaxın günlərdə Gürcüstan 12 yaşdan yuxarı uşaqların vaksinasiyasına başlayacaq”.
Gürcü mütəxəssislərin fikrincə, epidemioloji vəziyyətin yaxşılaşdırılması üçün 12 yaşdan yuxarı uşaqların vaksinasiyasına başlamaq lazımdır. Hazırda Gürcüstanda vaksinasiya yaşı 16-dır.