Həddən artıq isti hava müşahidə edilən zaman çöldə qısa müddət qaldıqdan sonra belə, günəş yanığı ilə üzləşə bilərsiniz.
Üstəlik, günəş yanığı təkcə dəniz sahilində dincələrkən deyil, şəhərdə gündəlik işlərlə məğul olarkən də qarşılaşa biləcəyiniz təhlükələrdən biridir.
Medicina.az xəbər verir ki, dermatoloq Polina Rajeva "İzvestiya"ya zədələnmiş dəriyə necə kömək etmək lazım olduğundan bəhs edib. Həkim günəş yanığı zamanı heç vaxt edilməməli olan səhvlərdən də danışıb.
“Günəş yanığı ultrabənövşəyi radiasiyaya məruz qalma nəticəsində dərinin kəskin iltihabıdır. Şüalar yalnız epidermisə - dərinin yuxarı təbəqələrinə təsir göstərə bilər. Və ya onlar orta təbəqəyə qədər irəliləmiş ola bilər. Səthi yanma zamanı dəri qırmızıya çevrilir. Həmin bölgədə şişlik, ağrı və yüksək temperatur müşahidə edilə bilər.
Dəri yanığı qızartı, şişlik, qabarcıq və şiddətli ağrıya səbəb olur.
Bundan əlavə, günəş yanığı yalnız yerli deyil, həm də ümumi xoşagəlməz simptomlara - bədən istiliyinin artması, titrəmə və s. səbəb ola bilər”, - deyə dermatoloq qeyd edib.
Onun fikrincə, müalicə yanıqların dərinliyindən və simptomların şiddətindən asılı olaraq dəyişir:
“Səthi yanma halında, ilk növbədə günəşin ultrabənövşəyi radiasiyasının birbaşa təsiri olmayan təhlükəsiz yerə keçməlisiniz. Dərinin təsirlənmiş sahələrini sərinlətmək tövsiyə olunur: sərin sarğılar və kompreslər bu işdə kömək edə bilər.
Dəriyə soyudulmuş yumşaldıcı krem və ya aloe gel tətbiq etmək tövsiyə olunur.
Eyni zamanda, kifayət qədər su içmək vacibdir və ağrı şiddətlidirsə, qeyri-steroid antiinflamatuar dərmanlar qəbul edə bilərsiniz”.
Həkim daha dərin yanıq zamanı əgər dəri qabarcıqları bütövdürsə, ilk yardımın eyni olacağını bildirib.
“Ancaq qabarcıqlar patlayıbsa, antiseptik və aseptik sarğı ilə müalicə edilməlidir. Yanmış nahiyədə qabarlanmış dərini özünüzün soyması qəti qadağandır. Bu hərəkət çapıq və ya infeksiya riskini artıra bilər.
Yanıqları yağ və ya digər yağlı məhsullarla müalicə etməyə çalışmaq da olmaz. Çünki onlar dərinin səthində nəmin buxarlanmasına və termorequlyasiya prosesinə mane olan təbəqə yaradırlar. Nəticədə dəri daha da qızır və iltihab güclənir.
İsti vanna və ya duş qəbul etmək tövsiyə edilmir, çünki bu prosedurlar qan dövranını sürətləndirmək və bədən istiliyini artırmaqla ağrı və iltihabı artıracaq”, - mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, qatıq, kefir və s. çəkmək kimi xalq təbabəti üsullarının istifadəsi də tövsiyə edilmir.
Həkim sonda qeyd edib ki, isti havalarda ümumi təhlükəsizlik qaydalarını yadda saxlamaq vacibdir:
“Yaz və yay aylarında çölə çıxmazdan öncə günəşdən qoruyucu kremlər çəkmək; saat 11:00-dan 16:00-a kimi günəşə məruz qalmamaq; bol su içmək; yüngül, açıq rəngli, bədəni örtən paltarlar geyinmək lazımdır”.
Aysel