Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gündə 10 min addım ata bilməyənlərə şad xəbər

  • 2024.03.07 12:54
  • 1272 Baxış
Gündə 10 min addım ata bilməyənlərə  şad xəbər
İngiltərədə aparılan bir araşdırmaya görə, gündə ən az 2200 addım atmaq vaxtından əvvəl ölüm riskini azaldır.

Medicina.az xəbər verir ki, İngiltərədə “British Journal of Sports Medicine”də nəşr olunan bir araşdırma sağlam həyat üçün yeriməyin əhəmiyyətini bir daha sübuta yetirib.

Sidney Universitetinin alimləri tərəfindən aparılan araşdırmada 61 və daha yuxarı yaşda olan 70 mindən çox insandan əldə edilən məlumatlar təhlil olunub.

Həmçinin tədqiqat iştirakçıları məşq səviyyələrini müəyyən etmək üçün ölçmə cihazı ilə təchiz ediliblər.

Mütəxəssislərin 7 illik təqibi zamanı iştirakçılardan 1633-ü ölüb, 6190 nəfər isə infarkt və ya insult kimi ürək-damar xəstəliklərindən əziyyət çəkib.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, gündə 9000-10 500 addım atmaq vaxtından əvvəl ölüm riskini 39 faiz, infarkt və ya insult riskini isə beşdə bir azaldır. Gündə təxminən 9 700 addım atan qrupda insult və infarkt riski ən az olub.

Bildirilib ki, günün qalan hissəsini oturaq şəkildə keçirsəniz belə, hər gün 2 200 addım atmaq da ürək xəstəliyi riskini azaltmağa kömək edir.

Britaniya Ürək Fondunun əməkdaşı Culi Uard deyib:

“Biz bilirik ki, gündəlik fiziki fəaliyyət sağlam həyat sürmək üçün vacibdir və ürək xəstəliyi və insult riskini azaltmağa kömək edir. Bu perspektivli yeni tədqiqatlar bizə göstərir ki, gündə 10 000 addım hədəfinə çatmasanız belə, atdığınız hər bir addım vaxtından əvvəl ölüm və ürək xəstəliyi riskini azaldır".

Ürək sağlamlığı və qan dövranı üçün həftədə 150 dəqiqə orta tempdə məşq etməyin vacib olduğunu ifadə edən Uard "Bunlara sizi kompüter ekranından uzaqlaşdıran müntəzəm gəzinti fasilələri, idman salonuna getmək, idman dərslərinə qatılmaq, eləcə də daha çox addım atmaq üçün avtobusdan bir neçə dayanacaq öncə enmək və liftdən istifadə etməmək daxildir”, - deyə vurğulayıb.

Aysel