Küçələrdə heç bir nəzarət olmadan satılan keyfiyyətsiz gün eynəklərinin satışı məhdudlaşdırıla bilər.
Medicina.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, yaxın günlərdə bununla bağlı qanun layihəsi komitədə müzakirə olunacaq.
M.Quliyev bildirib ki, qanun layihəsinə əsasən, həm gün eynəkləri, həm də optik eynəklər mütəxəssislərin iştirakı ilə xüsusi mağazalarda satılacaq:
"Layihəyə əsasən, eynək satılan mağazalarda həkim mütəxəssislər olacaq və onlar eynəyi müəyyən edəcəklər. Həmçinin eynəyin alınması, ölkəyə gətirilməsi, saxlanması, standartlara uyğun olub-olmamasının müəyyən edilməsi ilə mütəxəssislər məşğul olacaq”.
Deputat vurğulayıb ki, qanun layihəsi qəbul olunarsa, küçələrdə eynək satışına icazə verilməyəcək.