Çərəzlərin faydası hələ eramızdan əvvəl də insanlara məlum idi. Qədim Bizans kahinləri daha ağıllı olmaqdan və üsyana qalxa biləcəklərindən ehtiyat etdikləri üçün aşağı təbəqədən olanların çərəz yeməyini qadağan etmişdilər.
Medicina.az Azərtac-a istinadla xəbər verir ki, tərkibində E vitamininin olduğuna görə qoz-fındıq yaddaşı gücləndirir, əqli fəaliyyəti stimullaşdırır, yaşlı insanlarda yaddaş zəifliyinin inkişaf etməsi ehtimalını azaldır. Kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen və müxtəlif vitaminlər, yağ turşuları, zülallarla zəngin olan qoz, fındıq, badam, yerfındığı və hind qozu ürək-damar sistemi üçün çox faydalıdır. Atereskleroz, qan azlığı, damar və ürəyin işemik xəstəlikləri kimi yayılmış xəstəliklər zamanı onlar yaxşı profilaktik və müalicəvi səmərə verir. Tərkibində çoxlu miqdarda yodun olmasına görə qoz-fındıq qalxanvarı vəzi xəstəlikləri olanlar üçün də çox xeyirlidir. Onunla qidalanmaq mübadilə proseslərini və qaraciyərin fəaliyyətini yaxşılaşdırır, fiziki gücü artırır, əzələlərə müsbət təsir göstərir.
Yaz avitaminozları zamanı həmin çərəzlər insanı onun sağlamlığı üçün çox vacib olan vitaminlərlə təmin edir. Yazda digər meyvə-tərəvəzdə vitamin az miqdarda qaldığı halda qoz-fındıqda faydalı maddələr hətta bir neçə il ərzində saxlanılır. Müsbət xüsusiyyətləri ilə yanaşı, qoz-fındığın bəzi özəllikləri də var.
Allergiyaya səbəb olduğuna görə fiziki cəhətdən sağlam olanlar da həmin məhsulları ifrata varmadan məhdudlaşdırılmış miqdarda qəbul etməlidirlər. Gün ərzində 1 ovuc qoz-fındıq yemək orqanizmin həmin çərəzlərin tərkibində olan maddələrə olan ehtiyacını tam ödəyir.