Uşaq ən stressiz varlıqdır. Niyə? Çünki hər istədiyində rahatlıqla qışqıra bilir. Uşaq həyata belə qışqırmaqla başlayır. Doğuş stressini, adaptasiya stressini azaldır. Doğum edən qadın özü isə istədiyi kimi qışqıra bilmir. Yaranmış stress bədənində qalır. Zamanla uşağa ötürülür. Uşaq ağladıqca, qışqırdıqca sakitləşdirmək istəyirik. Amma səhv edirik. Qoy ağlayıb stressini azaltsın.
Medicina.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə deyib.
Stressin bədənə zərərli təsirlərindən söz açan həkim ondan qorunmağın yollarını izah edib:
"Hələ qarşıda böyük həyat var. O qədər içinə atıb susacaq ki. Bəzən ölümüzü də qışqırıb ağlaya bilmirik ki, pis baxarlar. Əsəbiləşəndə də "hisslərinə hakim ol, qışqırmaq olmaz" fikri önə çıxır. Amma bunların hamısı stress qatıdır. Kim qışqırırsa, deyilir ki, əsəbini soyuda bilir. Bəli, elədir. Susqun insanlar daha çox ürək-damar xəstəlikləri tapır, nəinki çılğın, emosional, qışqıraraq hirsini soyudanlar. Uşağa qışqıranda kənardan aldığımız stressi ona ötürürük. Bizi sakitləşdirən olmur. Uşaq qışqırır, bizə mənfilik ötürür, biz bu mənfiliyin təsirindən onu sakitləşdiririk. Yəni özümüzü qoruyuruq. Onlar isə özünü qoruya bilib bizi sakitləşdirə və ya "üstümə qışqırma" deyə bilmir.
Uşaq bizim nə dediyimizdən deyil, qışqırdığımızdan təsir alır. Əsəbi olmadan qışqıraraq stressi azaltmaq olarmı? Əlbəttə, olar.
Kimsə deyir ki, gedib kənar bir yerdə var gücümlə qışqırmaq istərdim. Yaxşı arzudur. Reallaşdırmaq lazımdır. Gülərkən, əylənərkən, danışarkən qışqırmaq bizi "ədəbsiz" göstərə bilər, amma stressimizi azaldar. Uşaqlar da oynayarkən qışqırır, biz isə "ay uşaq, sakit!" deyib stressli uşaqlar böyüdürük".
Aytən İsmayılzadənin sözlərinə görə, yoqada, nəfəs terapiyalarında səs tonunu qaldırmaqla müxtəlif səs çıxarmalar mənfi enerjidən azad olmaq, müsbət yüklənmə kimi təqdim olunur: "Stressli bir məsələni sizə uyğun mühitdə qışqıraraq həll etməyə çalışın. Uşağın üstünə qışqıranda onun bu təsirdən özünü qoruma vasitəsi olmadığını düşünün. Uşaqlar qışqıranda dözün. Dözün ki, onlar stressiz olsun. Gülərkən, əylənərkən səsli olun ki, həm də stressiniz azalsın. Doğuş sonrası, görüş, ayrılıq zamanı içinizdən qışqırıb ağlamaq, ya gülmək gəlirsə, belə də edin. Əlinizi ağzınıza tutub gözlərinizi sıxmayın. Stressinizi daxilinizə axıtmayın. Sonra onu uşağa ötürəcəksiniz".