Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna güclü küləkdə xəsarət alan iki nəfər müraciət edib.
"Medicina" xəbər verir ki, xəsarət alanlardan 1991-ci il təvəllüdlü kişiyə sağ mil sümüyünün başının sınığı, sağ pəncənin daraq sümüklərinin əsasının sınığı, 1971-ci il təvəllüdlü qadına isə döş qəfəsinin, mil bilək oynağının və hər iki diz oynağının əzilməsi, sol dizin ön səthinin sıyrılmış yarası diaqnozu qoyulub.
“Hər iki şəxs ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”.
***
17:38
Son məlumata əsasən, 04.04.2024-cü il tarixində güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 4 ünvan üzrə 5 müraciət qeydə alınıb.
TƏBİB-dən
Medicina.az -a bildirilib ki, hər dörd ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 3 nəfər kişi, 2 nəfər isə qadın olub. Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. 3 nəfərə (1 qadın, 2 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.