Gözlər təkcə qəlbin aynası yox, orqanizmdə baş verən dəyişiklik və xəstəliklərin də güzgüsüdür. Qədimdə elə təbiblər xəstənin dilinə və gözünə baxmaqla, daxildə nə baş verdiyini təxmin edirdilər.
Medicina.az gözlərdə baş verən dəyişikliklərin hansı xəstəliklərdən xəbər verdiyini araşdırıb.
Gözdə ağ ləkə
Mirvari suyu, katarakta da gözdə ağarma, ağ ləkə kimi biruzə versə də, gözün içində ağ ləkə təkcə bu xəstəliyin əlaməti deyil. Hətta həkimlər də ilk baxışdan ağ ləkə ilə kataraktanı ayırd edə bilmir.
Əgər gözünüzdə nöqtə ölçüsündən tutmuş bəbəyi tam tutana kimi ağ ləkə, örtük varsa, bilin ki, bu, buynuz qişanın xorası və bir sıra infeksiyaların nəticəsidir. Bu əlamət zavodlarda işləyən, gur işığa çox baxan, kontakt linza taxanlarda çox rast gəlinir. Gənclər vaxtı keçmiş linza taxdıqda, yatanda linzaları çıxarmadıqda, keyfiyyətsiz linza istifadə etdikdə gözü zədələyir. Gözün içində nöqtə boyda belə ağ ləkə görsəniz, dərhal həkimə getməlisiz.
Göz içində qızartı, qançəkmə
Göz almasında kapilyarların üzə çıxıb, gözə qırmızılıq verməsi adi yuxusuzluqdan, yorğunluqdan da ola bilər, hər hansı göz damcısının əks-təsirindən də. Göz dibi təzyiq, zərərli vərdiş, telefon, iş yerindəki şəraitdən də gözdə kapilyarlar partlaya bilər. Bu zaman göz içi qızarır.
Gözlərdə quruluq
Göz almasının selikli qişasının həddən artıq quruması daha çox şagird, tələbə və yazı işində çalışanlarda olur. Lakin bu hal Şeqren sindromu da ola bilər. Bu autoimmun xəstəlik göz yaşı vəzilərini zədələyir. Bu sindromun yaranma səbəbi isə allergiya ola bilər.
Görmənin zəifləməsi, itməsi
Görmənin qəfil və tam itməsi nadir halda baş versə də, daha çox diabet xəstələrində belə hallar ola bilər. Görmə zəifləyir, tədricən kəskinləşir. Amma torlu qişanın qopması da gözün birdən kor olması ilə nəticələnir. Ümumiyyətlə, görmədə zəiflik oldusa, bu halçın öz-özünə keçib gedəcəyini gözləmək olmaz. Aylar və illərlə davam edən patologiya sonda gözün tamam tutulması ilə nəticələnə bilər.
Gözdə sarı ləkə
Pinqvekula deyilən patologiya yaşlı insanlarda rast gəlinir. Eləcə də konyuktivin simptomu ola bilər. Gözlərdə bu proses artıq yaşlanmanın əlamətidir. Gənclərdə isə günün altında çox olmaqdan və isti havadan baş verə bilər.
Pinqvekula müalicə tələb etmir.
Göz ağının saralması
Əksər hallarda bu qaraciyərin xəstəliyi, hepatit və sirrozla bağlanılır. Əgər bununla yanaşı səbəbsiz yorğunluq, halsızlıq, ağrı, baş ağrısı varsa, deməli, qaraciyəri yoxlatmalısız.
Eləcə də göz ağı və gözün dibi öd yolları və öd xəstəliklərində də saralır.