Bəzi soyuq havalarda insanların gözləri həddən artıq və qeyri-ixtiyari şəkildə sulanır ki, bu da bir sıra fiziki və psixoloji diskomforta səbəb olur. Gözlər qızardıqda burundan da su axmağa başlayır.
Medicina.az xəbər verir ki, gözlərin soyuqdan yaşarmasının bir çox səbəbləri ola bilər. Onlardan ən başlıca səbəb gözün yuxarı və aşağı selikli qişasının soyuğun təsirindən spazmıdır. Bu zaman gözlərdən ayrılan maye normadan dəfələrlə çox olduğu üçün burun boşluğundan axmaya baxlayır. Normalda göz yaşı mayesi göz yaşı kanallarından axaraq burun boşluğuna tökülür. Amma spazm zamanı bu gedişat pozulur.
Bəzən ətraf mühitin temperaturundan aslı olmayaraq da insanın gözündən qeyri-iradi olaraq su gəlir. O zaman əminliklə demək olar ki, bu hansısa patologiyadan xəbər verir.
Başqa bir səbəb isə yaş faktorudur. İllər keçdikcə insanın göz yaşının tərkibi dəyişir. Başqa bir ciddi səbəb də hormonal fondan və göz yaşının biokimyəvi tərkibinin dəyişməsidir. Çox hallarda bu qadınlarda klimaksın başlamasından asılı olur.
Gözlərin qeyri-iradı yaşarması "quru göz sindromu”, allergiya, vitamin əksikiyi və gizli infeksiyaların xəbərçisi də ola bilər.
Buna görə də əgər gözləriniz səbəbsiz şəkildə həddən artıq çox sulanır və qıcıqlanırsa, o zaman vaxt itirmədən həkim-oftalmoloqa müraciət edin.