Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Google” minlərlə qadının həyatını xilas edə bilər

  • 2024.03.12 21:28
  • 675 Baxış
“Google” minlərlə qadının həyatını xilas edə bilər
Gələcəkdə xəstəliklərə diaqnoz qoymaqda “Google”dan professional olaraq istifadə oluna bilər.

Medicina.az xəbər verir ki, tədqiqatçıların fikrincə, “Google” axtarış sistemi gələcəkdə yumurtalıq xərçəngi hallarını bir il əvvəldən aşkar etmək üçün istifadə edilə bilər.

Yumurtalıq xərçəngi ilə mübarizə aparan qadınların bir mütəxəssisə müraciət etməzdən əvvəl 360 gün ərzində çəki itkisi, sidik kisəsi problemləri və şişkinlik kimi simptomları araşdırdıqları üzə çıxıb.

“Google”da həmçinin, həkimə müraciətdən dörd ay öncəyə qədər sidiklə bağlı simptomlar (xərçəngin əsas xəbərdaredici əlaməti) üçün axtarışlarda artım görünüb.

Görünən odur ki, xəstələrdə pelvik ağrısı isə həkimə müraciətdən 70 gün əvvəl başlayıb.

235 qadının “Google” axtarışlarını təhlil edən London İmperial Kollecinin tədqiqatçıları təəccüblü açıqlama ilə gündəmə gəliblər.

Onlar bildiriblər ki, illərdir xəstələrə “Google”da simptomlarını axtarışa verərək xəstəliklərini müəyyən etməyə çalışmamaq tövsiyə olunur. Halbuki, “Google”dakı bütün bu məlumatlar xəstəliklərin müayinəsi və diaqnozu baxımından "böyük potensial daşıyır".

"Nəticələrimiz göstərir ki, axtarış motoru məlumatlarından istifadə etmək mümkündür və bu, xəstəliyin erkən aşkarlanması üçün çox əhəmiyyətli ola bilər”, - deyə tədqiqatın baş müəllifi Dr. Cennifer Barkroft bildirib.

Yumurtalıq xərçəngi İngiltərədə ən çox görülən altıncı xərçəngdir. Bu xəstəlik Britaniyada hər gün orta hesabla 11 qadını və ya ildə 4000 qadını öldürür. Həmçinin, rəqəmlərə görə, ABŞ-da hər il bundan üç dəfə çox qadın məhz bu xəstəlik səbəbilə ölür.

Çox vaxt gec diaqnoz qoyulur, çünki simptomlar qeyri-müəyyəndir. Həzmsizlik, çanaq və ya qarın ağrısı, iştahsızlıq, qəbizlik və daha tez-tez sidiyə getmə ehtiyacı başqa xəstəliklərdə də üzə çıxa bilən simptomlardır.

Erkən diaqnoz qoyulmuş qadınların təxminən 93 faizi beş il və ya daha çox yaşasa da, dördüncü mərhələdə xəstəliyi aşkarlananlarda bu 13 faizə düşür.

Ginekoloji xərçəng cərrahı Dr. Srdcan Saso isə xəstəliyi "qadınlar üçün ən ölümcül xərçənglərdən biri" olaraq xarakterizə edərək, "ona görə də erkən aşkarlanması vacibdir", - deyib.


Aysel