Son zamanlar əhali arasında səbəbsiz baş ağrıları geniş miqyas aldığından az qala hər kəs yanında bir ağrıkəsici gəzdirir, apteklərə getdikcə daha yeni adda ağrıkəcisi preparatlar gəlir. Baş ağrısına miqren adı verib, bununla barışanlar da az deyil. Amma sonda yenə də xəstə həkimə getməli olur. Çünki artıq ağrıkəsicilər effekt vermir.
Elmed Tibb Mərkəzinin nevroloq həkimi Rasim İbişov gərginlik tipli baş ağrıları ilə miqrenin fərqi və hansı dərmanların faydasız olması barədə medicina.az-a məlumat verdi. Xüsusən səbəbsiz baş ağrıları zamanı uşaq və yeniyetmələrə valideynlərin həkim göstərişi olmadan dərman verməsinin fəsadlarından danışdı.
Nimesil, spazmalqon, diklofenak, tempalgin sərbəst satılır, əldə olunur.
Nimesillə baş ağrısı müalicə olunmur
"Baş ağrısı – beyin daxili və xaricində gedən hər hansı dəyişiklərə orqanizmin harayıdır. Amma beyin ağrımır. Çünki o parenximatoz toxumadır. Ağrı reseptorları selikli qişada olur. Bu qişalar qıcıqlanır və ağrı verir. Meningit və ensefalit ağrısı ən qorxulusudur. Burda artıq iltihabi proses gedir. Buna artıq adi baş ağrısı kimi yanaşmaq olmaz.
Baş ağrılarının 200-dən çox növü var: Klaster, dəstəli, yayılmış, lokal və s. İnsan həyatında olan müəyyən hadisələr, problemlər qıcıq yaradaraq ağrılar verə bilir. Kəllə qutusunun üzərindəki dərialtı toxuma gərginləşir yığılır və ağrı yaranır. Məhz bu tipə gərginlik baş ağrıları deyilir. Bunun da səbəbi müxtəlif problemlər, stres, həyəcandır. Gərginlik tipli baş ağrılarına şübhə xəstənin 6 aydan çox başının müntəzəm ağrımasında yaranır və diaqnoz olunur.
Nəzərə alaq ki, başda təkcə beyin yerləşmir. Gözlər, burun, ağız kimi orqanlar da var. Kəllə boşluğundna yerləşən bu orqanların özünün funksional pozğunluğu, iltihabi prosesi baş ağrısı verir. Gözün özünün kökü beyinin içinə gedib çıxır. Göz daxili təzyiq yüksəlir, baş ağrıyır.
Menzer, komputer, telefon simptomu deyilən və bundan qaynaqlanan gərginlik tipli baş ağrıları da çox diaqnoz olunur. Nə qədər desələr ki, telefon elə də zərərli deyil təcrübə əksini deyir. Telefon, komputerin də istifadə müddəti, normativi var. Yeniyetmələr, gənclər 3-4 saat boynunu əyir, gözünü dikir telefona, komputerə, o vaxt ayılır ki, boyun nahiyə gərginləşib, baş ağrısı başlayıb.
Təəssüf ki, insanlar həkimsiz, özbaşına dərman alıb atmağa üstünlük verir. Nimesil, spazmalqon, diklofenak, tempalgin sərbəst satılır, əldə olunur. Nimesillə baş ağrısı müalicə olunmur. Biz baş ağrısında xəstəyə nimesil yazmırıq.
Diklofenak kimi ağır dərmanlar mədə-bağırsaq xorası və qanaxmalarına belə səbəb ola bilər. Dərmanları araşdırmadan dərman atmaq olmaz. Adi dərman xəstəni ölümcül vəziyyətə də sala bilər.
Təcrübədə görürük ki, xəstə özü illərdir ağrıkəsicicilər, spazmalqon kimi dərmanlarla ağrını saxlayır, amma əsas problem kənarda qalıb”.
Miqrenin öz dərmanı var
Xüsusən qadınlar arasında dəbə çevrilən miqren çox vaxt dərmana tabe olmur. Miqrenin müalicəsi və dərmanı yoxdur deyilir. Bəs o zaman bu qədər ağrıkəsicini niyə qəbul edirik?
"Miqren 2 səbəbdən yaranır: damarın daralması və damarın genişlənməsi. Bu mərhələləri tutmaq olmur. Xəstə hər iki halda zoqquldayıcı ağrı hiss edir. Miqren üçün bir müayinə üsulu da yoxdur, MRT heç nə göstərmir. Bu iki mərhələ bir-birini əvəz edə bilir.
Xəstə əgər damarın genişlənməsi mərhələsində olsa, bu zaman spazmalqon içsə, onsuz da damar genişlənib, dərman bir az da genişləndirəcək. Deməli, spazm əleyhinə prepatlar olmaz. Və yaxud yığılma, sıxılma mərhələsində diklofenak versək, onsuz da damar yığılıb, o dərman daha da yığacaq.
Ona görə miqrendə biz ikili təsir göstərən kofein tərkibli, müasir miqren əleyhinə dərmanlardan istifadə edirik.
Gənc insanların baş ağrılarında orqanik səbəb olmadıqda, sakitləşdirici dərman fonunda aradan qalxa bilər. İstənilən forma baş ağrısını müasir differensial diaqnostika ilə diaqnoz edib, uyğun müasir preparatlarla qısa müddətdə müalicə edə bilirik”
AYGÜN
Bakü