Tanınmış kardioloq Qalib İmanov ürək xəstəliklərinə kişilərdə daha çox rast gəlinməsinin səbəblərini izah edib.
“Bildiyimiz kimi, ölüm səbəbinə görə dünyada ilk yerlərdən birini ürək-damar xəstəlikləri tutur. Bu xəstəliklərin içərisində daha çox yayılanı isə arterial hipertenziya dediyimiz təzyiq və ürəyin işemik xəstəliyidir. Eyni zamanda anadangəlmə ürək qüsurları, ürəyin digər patologiyaları və qapaq xəstəlikləri ilə də tez-tez rastlaşırıq”.
Medicina.az xəbər verir ki, bu fikirləri ATU-nun Anesteziologiya və reanimotologiya kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının İnvaziv kardiologiya şöbəsinin müdiri, həkim-kardioloq Qalib İmanov “Təbib” qəzetinin kardioloji xəstəliklərlə bağlı suallarını cavablandırarkən deyib.
Arterial hipertenziya və ürəyin işemik xəstəliyinin çoxalmasına əsas səbəblərin həyat tərzi, ətraf sosial mühit, stres faktorları olduğunu söyləyən həkim-kardioloq, bu xəstəliklərin son dövrlərdə həm də cavanlaşdığını təəssüflə qeyd edib:
“Əgər 20-30 il əvvəl gənclər arasında ürəyin işemik xəstəliyinə, təzyiqə çox nadir hallarda rast gəlinirdisə, indi gənclərin həmin xəstəliklərə məruz qalması həddindən artıq çoxalıb. Bu göstəriciyə görə, Azərbaycan digər dünya ölkələri ilə eyni səviyyədədir”.
Q.İmanov cəmiyyətdə vaxtaşırı səslənən “qadınlara nisbətən kişilərdə ürək xəstəliyi daha çoxdur” fikrinə də aydınlıq gətirib.
Təxminən 50 yaşa qədər kişilərdə ürək-damar problemlərinin daha çox olduğunu deyib. Sözlərinə onu da əlavə edib ki, menopauza dövründən, yəni 50 yaşdan sonra qadın və kişilərdə ürək xəstəliklərinə rastgəlmə tezliyi bərabərləşir: “Digər tərəfdən, bizim cəmiyyətin Avropa cəmiyyətlərindən fərqli cəhətləri var. Belə ki, Azərbaycan qadınlarının siqaret, alkoqol və narkotikdən istifadə kimi zərərli vərdişləri çox azdır. Bu nöqteyi-nəzərdən, ölkəmizdə ürək-damar xəstəliklərinə kişilərdə daha çox rast gəlinir”.
Həkimin sözlərinə görə, ürək-damar xəstəliklərinin əsas risk faktorlarından biri də artıq çəki, əsasən də qarın tipli piylənmədir. Yağlı və duzlu yeməklərlə, xüsusilə də qırmızı ətlə qidalanmaq, həmçinin az hərəkətlilik, oturaq həyat tərzi artıq çəkini əmələ gətirən başlıca səbəblərdir. Bütün bunlar ürək-damar xəstəliklərini tezləşdirən amillərdir. Gündəlik fiziki aktivlik isə ürək-damar xəstəliklərinin qarşısını almaq praktikasında əsas yer tutur. Aparılan elmi tədqiqatlarla da sübut olunub ki, gün ərzində 35 dəqiqə və yaxud 3 kilometr sürətli yerimək ürək-damar problemlərini azaldır.
Ürək-damar xəstəliklərinin başqa bir özəlliyinə də diqqət çəkən həkim bildirib ki, ürək digər orqanlar kimi deyil:
“Məsələn, insan mədə qıcqırması hiss edərək onun 3-5 gün türkəçarə ilə müalicəsini apara bilər və ya öz-özünə keçib getməsini gözləyər. Amma ürək-damar xəstəliklərinin növündən və ağırlıq dərəcəsindən asılı olaraq, hətta dəqiqələrin də əhəmiyyəti böyükdür. İnsanın qəflətən küçədə yıxılıb dünyasını dəyişməsi mümkündür. Əvvəllər olmayan hər hansı bir təngnəfəslik, döş qəfəsində ağrı, hərəkət etməyə mane olan hallar ürək-damar probleminin ilkin əlamətləridir. Qol, hətta çənə, diş ağrısı formasında da ürək tutmalarına rast gəlinir. Ona görə də bu cür narahatlıqlar, ürək xəstəliyinə xas simptomlar hiss etdikdə, mütləq həkimə müraciət olunmalıdır”.
Müsahib ürək xəstəliklərinə qarşı profilaktik məqsədlə dərman qəbulu məsələsinə də toxunaraq qeyd edib ki, əvvəllər insanların 40 yaşdan sonra mədədə deyil, bağırsaqda həll olunan 80-100 mq aspirini hər gün qəbul etməsi məsləhət görülürdü: “Artıq profilaktik olaraq dərman qəbulu aradan qaldırılıb. İndi dərman yalnız xəstəyə diaqnoz qoyulandan sonra həkim tərəfindən təyin edilir. Amma bitki tərkibli vitaminlərlə, mikro-elementlərlə zəngin qida əlavələri var ki, hər kəs bunlardan istifadə edə bilər. Ürək-damar xəstəliklərinin ən vacib profilaktikası fiziki aktivlik, düzgün qidalanma, yuxu rejiminə əməl etmək, artıq çəkini, əgər yüksəkdirsə təzyiqi və şəkəri kontrolda saxlamaq, zərərli vərdişlərdən uzaq durmaqdır”.
Bir çox ürək-damar xəstəliklərinin daimi nəzarət tələb etdiyini söyləyən kardioloq, müalicənin hər xəstəliyin dərəcəsinə uyğun aparıldığını vurğulayıb. Diqqətə çatdırıb ki, xəstələrin bəzilərini konservativ, bəzilərini isə invaziv üsulla müalicə etmək lazım gəlir: “Bu müalicələr effekt vermədikdə isə, cərrahi müdaxiləyə ehtiyac yaranır və xəstə əməliyyatla sağlam həyatına dönür. Əgər söhbət kəskin miokard infarktından gedirsə, bütün dünyada qəbul olunan rəhbər tövsiyələr əsas götürülür. Yəni xəstənin nə qədər ki ağrısı var, 2 saat ərzində angioqrafiya edilməli, tıxalı olan damar açılmalıdır. Həmçinin bir çox qapaq xəstəliklərinin və anadangəlmə ürək qüsurlarının da invaziv üsulla müalicəsinə üstünlük verilir. Hansı mərhələdə ki problem invaziv yolla aradan qalxmır, o zaman cərrahi müdaxilə mütləqdir”.
Xəstələnməmək üçün ilk növbədə sağlam həyat tərzinin zəruriliyindən söhbət açan həkim-kardioloq bir daha xatırladıb ki, əgər xəstəlik varsa, profilaktik tədbirlərlə yanaşı, dərman müalicəsi də lazımdır. Artıq bu mərhələdə xəstənin 30 və ya 70 yaşında olmasının elə bir önəmi yoxdur. Profilaktik tədbirlər və müalicə bütün yaş qruplarına aiddir.