Gənclikdə artıq çəkili olmaq yaşlılıqda ürək xəstəliyinə səbəb olur.
Medicina.az xəbər verir ki, bunu Kaliforniya Universitetinin (ABŞ) və İmam Əbdülrəhman Ben Faysal Universitetinin (Səudiyyə Ərəbistanı) alimləri müəyyən ediblər.
Belə ki, 20 yaşdan sonra həyatın istənilən dövründə artıq çəki almağın 60 yaşa qədər ürək xəstəliyinə tutulma riskini əhəmiyyətli dərəcədə artırdığı anlaşılıb.
Araşdırmanın nəticələri “European Heart Journal”da (ENJ) dərc edilib.
Tədqiqatda 1 690 gənc könüllü iştirak edib. Onların bədən kütləsi indeksi (BMI) və bel-omba nisbəti həyatları boyunca ölçülüb. Subyektlər mütəmadi olaraq exokardioqrafiyadan da keçiblər. Alimlər sol mədəciyin kütlə göstəricisinə də diqqət yetiriblər. Çünki onun artması ürək xəstəliyindən ölüm riskinin artdığını göstərir.
Müəyyən edilib ki, bədən kütləsi indeksi 20 yaşından sonra istənilən vaxt yüksələn insanlarda 60 yaşına qədər sol mədəciyin kütləsi də artıb. Bu xoşagəlməz nəticə orta yaşlarda və ya qocalıqda normal çəkiyə qayıtdıqdan sonra da davam edib.
Alimlərin fikrincə, gənc yaşda çəki artımı digər mənfi nəticələrə (şəkərli diabet, hipertoniya riski) əlavə olaraq, ürəyin zədələnməsinə də səbəb ola bilər.
Sağlam qidalanmaq və fiziki cəhətdən aktiv olmaq ürəyi uzun müddət sağlam saxlamağa kömək edir.
Aysel