Son aylar qəfil ürək tutmasından həyatını itirən gənc yaşlı insanların sayının artması artıq "yaşlıdır, ürəyi xəstədir” deyiminin aktuallığını itirib. Hazırda kardioloji, ürək-qan damar xəstəlikləri ən gəncləşmiş xəstəlikdir: əvvəllər kişiləri daha çox yaxalasa da, indi qadın, qız fərqi qoymur. Bunun da öz səbəbləri var. Bioloji Təbabət Klinikasının kardioloqu AynurMəmmədova ürək problemlərinin vaxtında aradan qaldırılması mövzusunda medicina.az –a danışdı:
"Əvvəllər yaşlılar və kişilərin xəstəliyi adlandırılan ürək tutması təəssüf ki, qadınları, qızlar və 20 yaşlı gəncləri də əhatə etməyə başlayıb. Əsas səbəblərdən biri: qidalanma, ekologiya, stress, son zamanlar gənclər arasında yayılan energetik içkilərin həddən artıq çox qəbuludur. Ayaüstü fast-food qidalar və rejimsiz qidalanma təkcə mədə-bağırsaq sisteminə deyil, ürəyə də ziyandır. Yüksək dozada çay, qəhvə kimi içkilər gənclər üçün oyadıcı, yorğunluq götürücü vasitə kimi cəlbedici gəlsə də, əslində ürəyin ritmini pozur. Etiraf edək ki, indiki çay, qəhvə, qidaların tərkibi, keyfiyyəti əvvəlki illərə nisbətən qat-qat zərərlidir.
Bu faktorların hər biri ayrılıqda bəlkə də təhlükəli görünmür. Amma hamısı bir gəncdə toplaşanda vəziyyət dəhşətlidir.
Gənclərimiz getdikcə texnikanın inkişafı ilə hərəkətsizliyə meyillənib. Heç kim piyada gəzmək istəmir. Bu da ürəyin işinə zərbə vurur.
Bir fakt da var: əgər yaşlı insanın ürəyi tutursa onları xəstəxanaya çatdırmaq, müdaxilə etmək mümkün olur, nəinki gənclərdə. Çünki insan yaşlandıqca bədəndə kiçik damarlar inkişaf edir, formalaşır. Təbiət insana getdikcə əlavə damarlar açır. 55 yaşdan sonra ürək tutması olan insanı xəstəxanaya çatdırmaq üçün bir iki saat imkan olur. Amma gənc insanlarda hələ bu damarlar inkişaf etmədiyindən və ürəyə gedən əsas damarlar tutulduqda, ürək əlavə damarlar vasitəsilə qan almadığından xilas etmək şansı qat-qat azalır. Ona görə 40 yaşa kimi insanların ürəyi qəfil tutduqda, ölüm hadisəsi daha çox olur. Bu da əsas verir ki, 25-40 yaşlarında insanların həyatını xilas etmək daha çətindir.
Hazırda qadınlar arasında da ürək xəstəlikləri geniş yayılıb. Kişi-qadın arasında tarazlıq yaranıb. Qadınlar üçün də risk 50 yaşdan sonra aktivləşir və deyim ki, qadınlarda ürək xəstələri kişilərdən daha təhlükəlidir.
Ürək xəstəliklərində sinə nahiyəsində sol qol, çiyinə yayılan tipli ağrılar olur. Xüsusən hərəkət edərkən, pilləkən çıxarkən, iş görərkən sinə hissə ağrıyırsa, iynəbatırma şəkilli sancılar olarsa, sizi dayanıb nəfəsini dərməyə məcbur edən hal olursa, o zaman ürək xəstəliklərindən şübhələnmək və dərhal həkimə müraciət etmək lazımdır. Qadınlarda təngnəfəslik, ürəkdə sıxıntı, yorğunluq, halsızlıq kimi əlavə təsirlər də olur. Qadınlarımız ailəyə, işə fədakar olduqlarından, özlərini düşünmədiklərindən, bu əlamətlərə əhəmiyyət vermir, əsəbə, nevroza bağlayır. Ona görə qadınlar daha çox gecikmiş dövrdə həkimə müraciət edirlər, onda da çox zaman gec olur”.
Kardioloq son zamanlar 18-20 yaşında gənclərin sinə, kürək, döş qəfəsində ağrılar, sancılarla müraciət etdiyini bildirirək, ürək ağrısının səbəbini araşdırdıqda çox zaman energetik içki faktoru üzə çıxdığını etiraf etdi:
"Yay boyu gənclər sərinləşmək üçün energetik içkilər çox qəbul edir. Nəinki oğlanlar, qızlar da bu içkilərə aludədir. Energetik içkilər ürəkdə ritm pozğunluğuna səbəb olur. Xəstələr ürəkdə çırpınma, təngnəfəslik hiss edir. Çox təəssüf ki, Azərbaycanda qadınlar, qızlar arasında siqaret istifadəsi də yayılıb. Valideynlərə məsləhətim odur ki, övladlarını ildə bir dəfə kardioloq qəbulundan keçirsinlər. Müayinə üçün təkcə EKQ kifayət etmir. Əslində həkimsiz özbaşına müayinələrdən keçmək düzgün deyil. Müayinə üçün EKQ, EXQ, stress testi kimi metodlardan istifadə olunur.
Ürək xəstəlikləri sonradan qaraciyər, böyrəklərin işinə təsir göstərir, immun sistemi pozur. Bİr çox ürək ritm pozğunluqları tromb əmələ gəlməsinə səbəb olur. Bu tromb da beyin damarlarını, göz damarlarını tuta bilər. Orqanizmdə bütün orqanlar, sistemlər bir-birinə sıx bağlıdır.
Bioloji təbabət klinikasında ürək xəstəliklərinin bioloji tənzimləyici preparatlar vasitəsilə uğurlu müalicə aparılır”