"Anam xəstəliyə yoluxandan sonra anladım ki, koronavirus çox hiyləgərdir".
Medicina.az xəbər verir ki, Estoniyada fəaliyyət göstərən azərbaycanlı həkim Orxan Əliyev koronavirusun qəribə simptomları və gedişi barədə publika.az-a açıqlamasında bunları deyib.
"İlk baxışdan heç bir əlamət müşahidə olunmayan insanların test cavabları pozitiv çıxırdı. Kiminsə sadəcə baş ağrıları olurdu, yuxusuzluqdan, iştahsızlıqdan şikayət edirdilər. Nümunə üçün uzağa getməyəcəm. Anamda bənzər hal yaşandı. Anam yoluxandan sonra bir daha bu xəstəliyin nə qədər hiyləgər olduğunu aydın dərk etdim. Uzun müddət fasiləsiz baş ağrıları oldu, gecələr kabus görməyə başladı. Bir müddət sonra iybilmə və dadbilməni itirdi. Anamın simptomları çox yüngül idi. Çox da yüksək olmayan qızdırma və artıq sadaladığım əlamətlər... Parasetamol və isti limonlu çay onun koronavirusla mübarizə silahına çevrildi və tezliklə sağaldı. Amma çox qəribədir ki, anamla hər gün ünsiyyətdə olan mən və bacım virusa yoluxmadıq. Hətta test nəticələrimiz neqativ çıxırdı.
Amma təəssüf ki, koronavirusla bağlı kədərli məqamlar daha çoxdur. Bir neçə gün öncə nəvələri ilə gəzib şənlənən nənənin bu gün süni nəfəs aparatına qoşulub ölümlə üz-üzə qalmağı, buna bənzər minlərlə halın təkrarlanması çox kədərlidir. Hətta bəzi yaşlıların ölüm səbəbi ailələrinin məsuliyyətsizliyi ucbatından baş verdi. Tibbi yardım almadan, evdə oturub sağalacaqlarını gözləmək xəstəliyi daha da şiddətli mərhələyə çatdırdı. Odur ki, ağır əlamətlər hiss edən kimi həkimə müraciət etməlisiniz.
Bu virus realdır, ən əsası isə ətrafımızdadır. Hamımıza toxuna, öldürə bilər. Bəli, vaksin ölüm saylarını nəzərəçarpacaq dərəcədə azaldacaq. Lakin özümüzdən də çox şey asılıdır. Gigiyena şərtlərinə əməl etməli, özümüzü və ətrafımızı qorumalıyıq. Yaşlı təbəqənin sağlamlığı da bilavasitə bizdən asılıdır. Bir növ kollektiv həmrəylik göstərmək zamanıdır.