Bədənin təbii bioloji ritmlərinin pozulması hətta illər sonra da sağlamlığa mənfi təsir göstərməkdə davam edir.
“Medicina” xəbər verir ki, Uorvik Universitetinin (Böyük Britaniya) alimlərinin ə apardıqları tədqiqatın nəticələri, müntəzəm olaraq gecə növbəsində işləyən insanların orqanizminin tədricən “tərs çevrilmiş” həyat qrafikinə alışması ilə bağlı fikirləri təkzib edib.
Tədqiqatçılar Fransa xəstəxanalarından birinin 140 əməkdaşı haqqında məlumatları təhlil ediblər. Onlardan 63 nəfəri müntəzəm olaraq gecə, qalanları isə səhər və günorta növbələrində çalışıb.
Bütün iştirakçılar bir həftə ərzində gecə-gündüz biləklərində elektron cihazları taxıblar ki, bu da onlara yuxunun keyfiyyətinə və sirkad ritmlərə - orqanizmdə bütün fizioloji prosesləri koordinasiya edən daxili bioloji saata nəzarət etməyə imkan verib.
Toplanmış məlumatların təhlili göstərib ki, gecə işləyən iştirakçıların yuxu keyfiyyəti orta hesabla səhər və günorta işləyənlərə nisbətən təxminən iki dəfə pisdir.
Gecə işçilərinin az qala yarısında sirkadi ritmlər pozulub. Tədqiqatçılar həmçinin iştirakçıların hər birinin təbii xronotiplərini, yəni onların pik aktivliyinin günün hansı saatında baş verdiyini müəyyən etdilər.
Məlum olub ki, gecə növbəsində işləyən insanların həyat ritmi çox vaxt onların xronotipi ilə üst-üstə düşmür və onlar oyaq olmalı olduğu vaxtda yatmalı, yatmalı olan vaxtda işləməli olurlar.
Lakin ən əsası yuxu və sirkad ritmlərə belə mənfi təsirlər uzun illər gecə növbəsində işləyən həmin işçilərdə də müşahidə olunub. Həmçinin gecə işləri nə qədər uzun sürsə, pozuntular bir o qədər güclü idi ki, bu da gecə işinə uyğunlaşma fərziyyəsini təkzib edir.
Çoxsaylı araşdırmalar göstərir ki, orqanizmin sirkad ritmlərinin xroniki pozulması onkoloji, ürək-damar, metabolik və yoluxucu xəstəliklərin riskini artırır.
Günay Quliyeva