“Müəssisəmizə daxil olan bir xəstə əməliyyata cəlb olunub. Onun yanıqla yanaşı, müştərək travmaları da var idi”.
Medicina.az xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov jurnalistlərə açıqlamasında deyib.
Gecə klubunda baş vermiş partlayış nəticəsində xəsarət alanların səhhəti ilə bağlı ətraflı məlumat verən direktor bildirib ki, hadisədən sonra Nərimanov Tibb Mərkəzinə 14 nəfər gətirilib:
“Onlar əsasən 2 və 3-cü dərəcəli yanıq xəsarəti alan və bəzilərində müştərək travmalar olan şəxslər idi. Onlar stasionar müalicəyə götürülüb. Artıq 5 nəfər ambulator müalicəsini davam etdirmək üçün evə yola salınıb. Hazırda xəstəxanamızda 10 nəfərin müalicəsi davam edir. Onlardan 7 nəfər reanimasiya şöbəsindədir, 3-nün vəziyyəti kritik-ağırdır”.
Direktor qeyd edib ki, reanimasiyada olanlardan biri də Seneqal vətəndaşıdır:
“Digər iki nəfər hazırda palataya yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Bir nəfərin isə vəziyyəti ortadır. Reanimasiyada 3 kritik xəstədən başqa 4 xəstə də var ki, onların da vəziyyəti ağırdır. Lakin kritik olaraq qiymətləndirilmir. Müəssisəmizə daxil olan bir xəstə əməliyyata cəlb olunub. Onun yanıqla yanaşı, müştərək travmaları da var idi”.