Yanvarın 11-də gecə saatlarında qanaması olan hamilə qadını təcili Perinatal Mərkəzə çatdıran ailə üzvləri səhlənkarlıqla üzləşiblər. Belə ki, qadını qapıdan içəri belə buraxmayan növbətçi həkim yaxınlıqdakı özəl klinikanı göstərib.
Medicina.az xəbər verir ki, bu barədə hamilənin anası Gülnarə Mirzəyeva açıqlama verib.
“16 həftəlik hamilə qızımın gecəyarı qanaxması başladı. Bizə ən yaxın Respublika Perinatal Mərkəz olduğundan tez maşınla ora çatdırdıq ki, bəlkə müdaxilə ola.
Fikirləşdik ki, dövlət xəstəxanasıdır, qəbul edərlər. Lakin qaöının ağzındaca növbətçi həkim hamiləliyin 16 həftəlik olduğunu eşidib, heç xəstəyə yaxın durmadan, şikayətinə baxmadan qəbul etməyəcəyini bildirdi.
Bizə dedi ki, yaxınlıqda Leyla klinkası var, aparın ora.Bu nə deməkdir. Bİrincisi ora özəl klinkadır, gecəylə nə qədər pul verməsən qəbul etməzlər. Məgər Perinatal Mərkəz bu ölkənin hamilə qadınları üçün dövlətin xəstəxanası deyil? Məgər ora limit qoyublar ki, hamilənin neçə aylıq olmasına bax, sonra qəbul et?
Qızımın vəziyyəti gərgin olduğuna, ona nəsə olacağından qorxacağımız üçün gecəylə mübahisə edib, dövlət qurumlarına zəng edə bilmədim.
Çox təəssüf edirəm ki, belə etinasız dırnaqarası həkimlərimiz var. Həkimin adını öyrənməyə belə macalımız olmadı.
Leyla klinikasında ödəniş etdik, amma orda dərhal xəstəni qəbul edib. USM etdilər, lazımi müdaxilə göstərdilər. Olmazdı ki, dövlət xəstəxanasında belə diqqət olaydı. Bəlkə heç mənim özələ aparmağa imkanım, pulum yoxdur? Biz zəngin insan olsaq birbaşa özələ gedərdik. Belə vəziyyəti düşmənimizə də arzulamırıq”.