“Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində (PHŞ) baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi açılıb.
Bu barədə
Medicina.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən xəstəxanasında qeydə alınmış qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxsin tabeliyində olan Ailə Sağlamlıq Mərkəzləri və Həkim-Tibb məntəqələrinin, o cümlədən PHŞ-yə birləşdirilmiş Füzuli Müalicə Diaqnostika Mərkəzinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən 2020-ci ilin yanvar ayının 1-dən 2023-cü ilin mart ayınadək olan dövr ərzində işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, tibbi avadanlıqların satılması, xəstəxananın balansda olan nəqliyyat vasitələrinə normadan artıq yanacağın məxaricə silinməsi və digər yollarla külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.