Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanların olduğunu açıqlayıb.
Medicina.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, koronavirus təhlükəsi yaranan ilk günlərdən FHN də bu təhlükə ilə ön cəbhədə fəal mübarizə aparan dövlət qurumları sırasındadır:
“Belə ki, hələ fevral ayından nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər.
Bu səbəbdən bu günə kimi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sıralarında xidmət edən 15 nəfərin virusa yoluxma faktı təsdiqini tapıb. Onlardan 11 nəfər tam sağalaraq, artıq xidmətə qayıdıb, dörd nəfərin müalicəsi isə davam edir, vəziyyətləri normaldır”.