Rusiyanın Çelyabinsk əyalətində cərrahlar avtoqəza zamanı gözünə 8 sm uzunluğunda şüşə girmiş fotomodeli xilas ediblər.
Medicina.az xəbər verir ki, Çelyabinsk yaxınlığında yerləşən Çebarkul şəhərində yaşayan 23 yaşlı Nastya Foks model karyerası qurmağı arzulayırdı. İyun ayında o, kastinqdə iştrak etmək üçün əyalət mərkəzinə yollanır. Gənc qız taksi ilə geri qayıdarkən sürücü sükan arxasında yuxulayır və avtomobil bir neçə yüz metr uçaraq tırlar dayanan əraziyə düşür. Tamamilə əzilən maşın metal yığınına çevrilir.
Sürücünün ayağı qopur, sərnişinlərdən birinin başının yarısı dağılır. Nastya isə avtomobildən çölə düşərək ağır xəsarətlər alır. Bundan əlavə 8 sm-lik şüşə Nastyanın gözündən kəllə sümüyünə girir. O həm də, güclü kəllə-beyin travması alır və onurğası zədələnir.
Həkimlər qəzada ağır yaralanan qıza fiksəedici karset geyindirərək açıq yaralarını işləyirlər. Lakin məsələnin çətin tərəfi oftalmoloqların üzərinə düşürdü. Onlar qızın gözünü xilas etməli idilər.
"Gözdə olan yara 2,5 sm uzunluğunda idi. Biz ordan qanı sovurduq, göz almasını tərkibində antibotik olan maye ilə doldurduq. Sonra göz qapaqlarında olan şüşə qırıqlarını təmizlədik. Yaranı kosmetik tikişlərlə tikdik”, - deyə oftalmoloq Andrey Kuznetsov bildirib.
Bu gün Nastyanın görməsi 80%-ə qədar bərpa olunub. Həmin dəhşətli qəzadan xatirə kimi yalnız qızın üzündə və əlində olan çapıqlar qalıb. Bundan sonra Nastyanı daha bir neçə plastik əməliyyat gözləyir. Yalnız bundan sonra o, arzusunda olduğu model karyerasını qurmaq barədə düşünə bilər.