Qorxu və fobiya çox vaxt bir-biri ilə qarışdırılır. Ancaq qorxu insanları təhlükədən uzaqlaşdırdığı halda, fobiya insanın həyatını çətinləşdirir.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klinik psixoloq Esra Ezmeci bildirib.
E.Ezmecinin fikrincə, ən asan həll yolları bunları ayırd etmək, fobiya ilə mübarizə aparmaq və nəfəs məşqləri etməkdir.
“Pişik, lift və ya yüksəklik qorxusundan xilas olub daha rahat həyat sürmək çətin deyil.
Fobiyalar adətən uşaqlıq və ya yeniyetməlik dövründə baş verən stresli təcrübə nəticəsində yaranır. Bəzən bu vəziyyəti insanın yaxın ətrafı öyrəndikdə də fobiyaya çevrilir”, - deyə klinik psixoloq qeyd edib.
Onun sözlərinə görə, fobiya və qorxu gündəlik həyatda tez-tez bir-birini əvəz etsə də, əslində eyni deyil:
“Qorxu real, görünən təhlükələrə normal və zərərsiz reaksiyadır. Eyni zamanda bizi həyatda arzuolunmaz vəziyyətlərdən qoruyur. Məsələn, avtomobilin vuracağı qorxusu ilə yeraltı keçiddən keçməyi seçmək bizim xeyrimizə olardı. Fobiyalar isə təhlükənin həqiqi dərəcəsini nəzərə almadan verilən həddindən artıq reaksiyalardır. Bu vəziyyət insanı qorumaqdan daha çox həyatını çətinləşdirir. Fobiyası olan insan bütün diqqətini və enerjisini onunla qarşılaşma ehtimalından qaçmağa sərf edir”.
E.Ezmeci bildirib ki, aşağıdakı mərhələlərdən keçərək fobiyalardan xilas olmaq olar:
1.Əvvəlcə dərk edin, sonra qəbul edin
Müalicənin ən mühüm addımı əvvəlcə vəziyyəti anlamaq və sonra qəbul etməkdir. Fobiyanızın fərqində olun və onu qəbul edin. Fobiya ilə mübarizə onu görməməzlikdən gəlməkdən çox onu anlamaqla başlayır.
2. Təhlükəsiz zonalar yaradın
İnsan davamlı olaraq fobiyadan qaçmağa çalışır. Bunun əvəzinə özünüzü təhlükəsizlikdə hiss etdiyiniz sahələr yaratmaq faydalı olardı. Bu zonalar özünüzü yaxşı hiss etdiyiniz insanların yanı da ola bilər.
3. Tədricən məruz qalın
Fobiyaya tədricən məruz qalmaq və bu vəziyyətə öyrəşməyə çalışmaq lazımdır. Bu zaman insan qorxulu vəziyyətlə qarşılaşmağı öyrənir və qorxunu azaltmağa çalışır.
4. Nəfəs məşqləri edin
Fobiya qarşısında yaşanan stress və narahatlığı idarə etmək üçün dərin nəfəs məşqləri, gərginliyi azaltmaq üçün əzələləri boşaldan hərəkətlər və meditasiya kimi rahatlamağa kömək edəcək fəaliyyətlər vacibdir.
5. Oxşar vəziyyət yaşayanlarla eyni mühitdə olun
Eyni fobiyaları yaşayan insanların dəstək qruplarında olmaq məsləhətdir. Başqalarının da oxşar təcrübələrə sahib olduğunu görərək özünüzü daha yaxşı və bu vəziyyətin öhdəsindən gələcək qədər güclü hiss edə bilərsiniz.
6. Professional kömək
Əgər fobiyalarla mübarizə aparmaqda çətinlik çəkirsinizsə, o zaman bir terapevtlə işləməlisiniz. Peşəkar yardım fobiyalarınızın niyə baş verdiyini və onları necə idarə edəcəyinizi anlamağa kömək edəcək.
Gül