Əməlləri, niyyəti çöhrəsitək gözəldir. Bu vəhdət onu daha mükəmməl, daha ecazkar göstərir. Dinlədikcə istər-istəməz bu xanıma heyran qalırdım. İnsanların uzunömürlü olması üçün neçə illərdir ki, elmi tədqiqatlar aparır. İnanır ki, nə vaxtsa elə bir tibbi vasitə tapacaq ki, insanlar ondan istifadə edib xeyli yaşayacaqlar. Poeziyanı çox sevir. Gözəl şeir nümunələrini mütaliə etməkdən zövq alır. Səyahət etməyi xoşlayır. Bu günədək Avropa ölkələrinin əksəriyyətinə səfər edib. İndi də Yeni Zelandiyada, Avstraliyada olmağı arzulayır. Elə bir gün olmur ki, evində Azərbaycan mətbəxinin təamlarından hazırlamasın...
Deyir ki, - "Mən çox xoşbəxt adamam. Qarşıma həmişə yaxşı insanlar çıxıb. Onlardan yüksək diqqət, ehtiram görmüşəm. Və bu da mənə müsbət enerji verib. Həyatın nə qədər gözəl olduğunu anladıb”...
...Rəhmətlik atası Malik Axundov əslən Masallı rayonunun Qızılağac kəndindən idi. Bakıda layihə insitututlarından birində şöbə müdiri vəzifəsində çalışıb. Anası Şükufə xanım əvvəlcə Maliyyə Nazirliyində şöbə müdiri olsa da, ömrünün son illərində Bakı Səhiyyə İdarəsində maliyyə şöbəsinin müdiri işləyib. Bacısı Səbinə xanım Axundova isə həkim-endokrinoloqdur. Özəl klinikalardan birində çalışır...
Haqqında söhbət açdığım Sevda xanım Axundova Bakıda dünyaya gəlib. 1986-cı ildə 9 nömrəli məktəbdə orta təhsilini bitirərək, Moskva Piraqova adına ikinci Tibb İnsitututuna qəbul olunub. 1992-ci ildə oranın pediatriya fakültəsini müvəffəqiyyətlə başa vurub. Sonra bir il Bakıdakı 6 nömrəli xəstəxanada internatura keçərək, pediatr-endokrinoloq ixtisasına yiyələnib. Və həmin xəstəxanada qalaraq, 2002-ci ilədək orada öz ixtisası üzrə həkim işləyib. Eyni zamanda, Azərbaycan Endokrinologiya Mərkəzində professor Valeh Mirzəzadənin rəhbərliyi altında elmi araşdırmalarla məşğul olub. 2002-ci ildə ailə quraraq Amerikaya gəlib...
...Ömür-gün yoldaşı İsmayıl Davud Suriya əsilli ABŞ vətəndaşıdır. İxtisasca kompüter üzrə mütəxəsisdir. İki övladı var. Qızı Aliyə 16, oğlu Əhməd isə 15 yaşındadırlar. Hər ikisi də xüsusi itedadlı uşaqlar üçün nəzərdə tutulan Kembric proqramına əsasən təhsil alır...
Sevda xanım ABŞ-a gəldikdən bir il sonra Cənubi Kaliforniyadakı Touro Beynəlxalq Universitetinin tibb fakültəsində fəaliyyət göstərən ictimai sağlamlıq üzrə doktoranturaya qəbul olunub. 2006-cı ildə elmi işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib (PhD). 2006-cı ildən Florida ştatının Fort Lauderdale şəhərində yaşayır və "Life Extension” şirkətində həkim işləyir. Eyni zamanda elmi tədqiqatlarını davam etdirir...
Deyir ki, - "Şirkətimiz əsasən insan ömrünün tibbin vasitəsi ilə uzadılması istiqamətində araşdırmalar aparır. İnanırıq ki, biz buna nail olacağıq”...
İctimai fəaldır. Azərbaycan naminə xeyli işlərdə xidməti olub. Töhfə xanım Eminovanın prezidenti olduğu "Floridanın Azərbaycan-Amerika Asossasiyası”nın təhsil məsələləri üzrə şöbəsinin rəhbəridir. Təşkilatın ərsəyə gətirdiyi tədbirlərdə yaxından iştirak edir. Asossasiyanın fəaliyyətindən ağız dolusu söhbət açıb, Azərbaycan naminə bu günədək gördüyü işləri sadalayır. Onların mahiyyətini dilə gətirir. Ştatın rəhbər orqanları ilə sıx münasibət qurduqlarını söyləyir. Bütün bunları dinlədikcə adamın ürəyi dağa dönür, belə bir soydaşının varlığından qürur hissi keçirirsən…
Az qala unutmuşdum, axı söhbətimin əvvəlində gözəllikdən danışırdım. Bəli, insanın niyyəti və eləcə də əməlləri gözəl olanda ətrafına nur saçır. Bu nur İlahi eşqin təzahürüdür…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan