Məlum olduğu kimi, bu gün Azərbaycanda Ramazan ayının sonuncu günüdür. Martın 30-31-i ölkəmizdə Ramazan bayramı qeyd ediləcək.
“Qafqazinfo” xəbər verir ki, orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının verilməsi vaxtı Ramazan ayının son gününə təsadüf edir.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bir neçə gün öncə fitrə zəkatının verilmə vaxtı və miqdarı ilə bağlı məsələyə aydınlıq gətirmişdi. Onun sözlərinə görə, fitrə zəkatı bayrama qədər verilsə, daha yaxşı olar: “İnsanlar öz qohumları, qonşuları arasında, ümumiyyətlə, ətrafdakı kasıb ailəyə fitrə zəkatını bayram namazına qədər versə, daha yaxşıdır. Bir insan minimum səviyyədə yaşamaq imkanına malikdirsə, əlində müəyyən qədər maddi imkanları varsa, hər ailə üzvünə görə fitrə zəkatı çıxarmalıdır.
Fitrə zəkatını buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullardan, eləcə də pul şəklində vermək olar. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün ortalama olaraq hər ailə üzvü hesabına 10-15 manat fitrə çıxarılması məqsədəuyğundur. Fitrə zəkatını ailə başçısı ailədə olan üzvlərin sayına görə verməlidir. İnsanlar bayram namazına qədər fitrə zəkatını çıxarmalıdır”.
Qeyd edək ki, bu gün imsak saat 05:02-də olub, iftar isə 19:17-də açılacaq.