“Fikirləşirəm: necə edim, canımdan can verim ki, bu uşaq yaşasın!” – Tanınmış uşaq cərrahı ilə MÜSAHİBƏ
“Fikirləşirəm: necə edim, canımdan can verim ki, bu uşaq yaşasın!” – Tanınmış uşaq cərrahı ilə MÜSAHİBƏ
2019.03.28 17:10
54899 Baxış
"Ən ağır körpələri bizə gətirirlər, bütün respublikanın yükü üzərimizdədir”
Azərbaycanın tanınmış uşaq cərrahı, çox valideynlərin övladının həyatını borclu olduğu Gündüz Ağayev Elmi-Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsinin rəhbəridir.
Pediatriya İnstitutunun nəzdində 2010-cu ildə yaradılmış bu şöbə 40 çarpayılıqdır və 0-4 yaş qrupunda körpələrin müalicəsini əhatə edir. Respublika üzrə bütün yeni doğulan, vəziyyəti ağır uşaqlar bura gətirilir.
Gecə-gündüz, 24 saat işləyən bu şöbə haqqında çox miflər dolaşır. Hər saatı gərgin keçən cərrahiyyə şöbəsində icra olunan əməliyyatlar barədə uşaq cərrahı, tibb üzrə fəlsəfə elmləri namizədi Gündüz Qasımovun geniş müsahibəsini Medicina.az təqdim edir:
- Gündüz doktor, Elmi–Pediatriya institutunun erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsinə hansı xəstələr müraciət edə bilir, ildə nə qədər əməliyyat edirsiz?
-Bizim şöbə 0-4 yaş arası müalicəyə və əməliyyata göstərişi olan uşaqları qəbul edir. Elə uşaq var doğulduğu dəqiqədən sonra əməliyyat olunmalıdır. Onlar da Səhiyyə Nazirliyinin göstərişi ilə bura gətirilir.
4 yaşından yuxarı uşaqları bizim şöbə qəbul etmir. Bəzən olur, daha yuxarı yaşda uşağın nadir xəstəliyi var, hansına ki burda daha yaxşı xidmət göstərilə bilər, onları da göndərişlə bizə göndərirlər.
Bizim şöbədə hər il təxminən 2500 əməliyyat olur. Onların içində çox çətinləri də var, sadələri də, bir neçə mərhələli olanı da.
- Bəs itki faizi daha çox hansı yaşda, hansı əməliyyatlarda qeydə alınır?
- Bütün dünyada yenidoğulmuşlarda ölüm riski yüksəkdir, amma buna baxmayaraq, bizdə bu faiz azdır.
Çünki yenidoğulanlar ana bətnindən, maye mühitdən yeni çıxdıqları üçün onların orqanizmi stress vəziyyətində olur, çox böyük dəyişikliklər gedir. Bu uşaqların orqan və sistemləri tam yetişmir. Xüsusən vaxtından əvvəl doğulanlarda. Ona görə onlarda bir yox, bir neçə xəstəlik, problem eyni anda baş verir.
Onlara eyni anda həm cərrahi əməliyyat, həm anesteziya, həm reanimasiya tədbirləri, həm digər orqanların müalicəsi aparılır. Hətta ən sadə asan əməliyyat belə yenidoğulmuşda travma yaradır.
Ona görə bu xəstələri yüksək risk qrupuna aid ediblər.
Bizim işimiz odur ki, xəstəyə düzgün tibbi yardım göstərilsin, xəstə xilas olunsun. Düzgün yardım göstərəndə əksər hallarda nəticə yaxşı olur.
Təzə doğulan, 1 günlük körpəyə narkoz vermək hər anestezioloqun işi deyil.
Respublikada belə mütəxəssislər azdır.
- Xəstəxanada, şöbədə avadanlıq, aparatlar yetərli qədər varmı - şərait necədir?
- Yeni doğulanlar cərrahi əməliyyatdan əvvəl də, sonra da intensiv terapiya şöbəsində qalır. Aparat və avadanlıqlarımız kifayət qədərdir. Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunur. Eləcə də dərman preparatları – bütün vacib dərmanlar var. Amma bəzi xəstəliklərdə əlavə olaraq dərmanlar təyin olunur, hansı ki, siyahıda yoxdur, onları biz valideynlərə deyirik, alırlar. Ala bilən alır, ala bilməyən almır. Bəzən özümüz tapıb veririk. Bəzən digər valideynlər çox alır, az istifadə olunur, onu digər xəstə üçün istifadə edirik. Çalışırıq heç kim dərmansız qalmasın.
- Uşaq cərrahiyyəsi tibbdə ən ağır sahələrdən biridir. Bir də sizin işiniz neanotoloqlardan da çox asılıdır...
- Ümumiyyətlə, yeni doğulmuşun cərrahiyyəsi tək bir cərrahın, bir şöbənin işi deyil. Böyük insanlarla körpələrin cərrahiyyəsi çox fərqlidir.
Neanotoloqsuz, neanatal şöbə olmasa, yenidoğulmuşun uğurlu cərrahiyyəsi mümkün deyil. Hələ anestezioloqları demirəm. Təzə doğulan, 1 günlük körpəyə narkoz vermək hər anestezioloqun işi deyil. Respublikada belə mütəxəssislər azdır.
Bizim anestezioloqların yüksək peşəkarlığı nəticəsində hələ indiyə kimi bizdə narkozdan itki olmayıb. Halbuki bütün dünyada yenidoğulmuşlarda anesteziyadan ölüm statistikası az deyil.
Şöbədə 10 cərrah var. Gecə-gündüz növbəli işləyirlər. Elə gecə yoxdur ki, növbədə cərrah olmasın. Hamısı da peşəkar, işini bilən kadrlardır.
- Olurmu ki, gecəyarı valideynlər çox ağır vəziyyətdə, hətta koma vəziyyətində, sepsisli körpə qucaqlarında xəstəxanaya gəlsin?
- Olur, əvvəllər lap çox olurdu. Amma bu düzgün deyil ki, uşaq pis olan kimi tez maşına qoyum, xəstəxanaya gətirim. Camaat təəssüf ki, xəstəxanaya gəlməyin qaydasını bilmir.
Bunun yolunu Səhiyyə Nazirliyi belə göstərir. Əgər planlı əməliyyatdırsa, müraciət edir yaşadığı yer üzrə polikilinikaya, orda həkim, cərrah baxır, əməliyyat üçün göndəriş verir bura.
Təcilidirsə, o zaman təcili yardım çağırır, təcili yardım uşağı yaşına, profilinə uyğun xəstəxanaya çatdırır.
Rayonlardan bəzən yenidoğulmuşu elə xəstəxanadan çıxarıb özü gətirir, ya evdə görür ki, uşaq pisdir, taksi ilə, yol maşını ilə qucağında bura gətirir. Təbii ki, o xəstələrin durumu da pis olur, xilas edilməsi də çətinləşir.
Təcili yardımı gözləmək lazımdır, dövlət bunun üçün maşınlar ayırıb.
Yolda yardım göstərilmədən gətirilən uşaqlar bura şok vəziyyətində çatır. Halbuki təcili yardımla gəlsəydi, müəyyən qədər yardım olunacaqdı.
İndi rayonlarda Səhiyyə Nazirliyindən komissiyalar çalışır, onlar bir-birilə əlaqə yaradır. Video görüntü ilə xəstəyə baxırlıar, məsləhətləri də verirlər. Lazım olanda köçürməyə qərar verirlər. Stabilləşmədən xəstəni köçürmək olmaz. Bu qaydalara riayət etmirlər, sonra da valideynlər bizdən möcüzə istəyirlər...
- Pediatriya institutu, xalq arasında OMEDE deyilən bu yer barədə çox şayiələr, miflər də dolaşır. Yəqin, siz də bunları eşidirsiz, sosial şəbəkələrdə də yazırlar. Bir çox valideynlər deyir ki, övladımı apardım, orda öldü: !Uşaq hələ diri idi, ora getdik öldü!. Sanki buranı bir qorxulu yer kimi qələmə verirlər. Bu kimi fikirlər nə dərəcədə realdır?
-Məsələ bundadır ki, vaxtilə bizim xəstəxanada intensiv terapiya şöbəsi 15 çarpayılıq idi, axını, tələbatı nəzərə alıb, 50 çarpayılıq etdilər. Respublikanın bütün bölgələrindən uşaqların vəziyyəti ağırlaşan kimi hamısı bura köçürülür. Özəl xəstəxanalarda vəziyyəti ağırlaşan uşaq bura gətirilir.
Özəl xəstəxana ağır vəziyyətdə uşaq qəbul etmir. Birincisi özəl xəstəxanada müalicə çox bahadır, valideynlərin imkanı çatmır. İkincisi özəl xəstəxanalar ağır uşaqları göndərməklə öz göstəricilərinin qeydinə qalırlar ki, onlarda ölüm faizi olmasın.
20 il əvvəl ucqar bölgələrdən ağır xəstə uşaqlar heç gətirilmirdi Bakıya, tələf olurdu. İndi isə ən ucqar kənddə belə uşaq ağırlaşan kimi valideynlər də bilir, həkimlər də, dərhal bura göndəriş edirlər.
Respublika üzrə bütün ağır vəziyyətdə olan uşaqların gəldiyi xəstəxanada sizcə, ölüm faktı olmamalıdır? Bəzən uşaq gətirirlər ki, artıq keçinib, valideyndir, son ana kimi gözləyir, biz nə qədər çalışsaq da, xilas edə bilmirik. Nəinki biz, dünyanın ən yaxşı klinikasına gedilsəydi də nəticə eyni olacaqdı.
Yenidoğulmuşların müalicəsi də çox bahalıdır. Bura lazım olan avadanlıqlar, küvezlər, aparatların dəyəri yüz minlərlə ölçülür. Azərbaycanda hər kənddə, şəhərdə belə mərkəz yaratmaq praktiki olaraq mümkün deyil, sərfəli də olmaz.
O fikir düzgün deyil ki, bura kim gəlir ölür. Xeyr! Sadəcə biz bütün respublikanın yükünü öz üzərimizə çəkmişik. Biz də özümüzü ideal hesab etmirik; insanıq, səhvimiz ola bilər. Kosmosda belə sistem arada səhvə yol verir. İnsanlar elə fikirləşməsin ki, xəstə tələf oldu, ört-basdır olur. Səhiyyə Nazirliyində xüsusi komissiya var. Həkim özbaşına deyil ki - səhv varsa, araşdırılır.
İndi uşaqların böyük hissəsi dispanserizasiyadan keçməyib. Niyə?
Çünki rayon qeydiyyatındadır, köçüb gəliblər şəhərə, burda çoxu kirayədə qalır.
-Uşağın son anda bura gəlməsində, vəziyyətinin ağırlaşmasında valideynin səhvini nədə görürsüz?
-Çox olur ki, uşaqları üzülmüş vəziyyətdə gətirirlər. Valideynlər vaxt itkisinə yol verir. Soruşursan niyə belə, deyir, filan yerdə 2 dərman yazdılar. Gördüm düzəlmir, 2-3 ay keçdi gətirdim.
Hipertrofilk Perisistinoz adlı xəstəlik var, mədənin çıxacağında daralma olur. Uşaq 2 həftəlikdən sonra qusmağa başlayır. Elə valideyn var diqqətlidir, 1-2 gün sonra gedir həkimə. Amma uşaq var ki, 2 aydır yediyini qusub. Kimsə deyib ki, körpə qusmalıdr, normaldır. Təsəvvür edin, uşağı gətirəndə elə doğulduğu çəkidə qalmışdı.
Valideynlərin nəzərə almadığı bir məqam da var - uşaqlarını çəkmirlər. Soruşursan uşağın çəkisini, deyir bilmirəm. Bəs kim çəkəcək? Heç olmasa evdə tərəziyə qoyub çəkin. Körpənin çəkisinin normadan geri qalması o uşaqda nəyinsə düzgün getməməsinin birinci göstəricidir. Çəki normaldırsa, çox güman ki, vəziyyət yaxşıdır.
Çox üzülmüş uşağı heç əməliyyata da ala bilmirik. Çünki narkoz vermək olmaz. O uşaqları saxlayırıq, müalicə edirik, anestesioloji risk qalxandan sonra əməliyyat edirik.
Savadlı valideynlə işləmək həkimə də asandır. Savadlı valideyn həkimə kömək edir, dəstək olur, savadsızlar isə boş suallar verib, hay-küy salmaqla həkimi də yorur, özünü də...
- Bilirik ki, artıq pediatriya institutunda 10 il əvvəl icra olunmayan, Avropada, Türkiyədə edilən, çox mürəkkəb, bahalı əməliyyatları uğurla edilir...
-Bəli, bütün dünyada müalicəsi çətin olan, proqnozu yaxşı olmayan nadir xəstəliklərə rast gəlirik.
Ümumiyyətlə, tibb elmi digər sahələrdən fərqli olaraq beynəlxalq elmdir. Amerika, Türkiyə, İran tibbi deyilən bir şey yoxdur. Beynəlxalq protokollar var, bütün dünya necə, biz də elə. Əvvəllər niyə belə əməliyyatlar olmurdu? Çünki maddi texniki baza yox idi. Azərbaycan inkişaf dövrünə başladıqdan sonra şərait yarandı, nadir xəstəlikli uşaqları əməliyyat etmək mümkün oldu. Yoxsa bacarıqlı cərrahlar həmişə olub. Elə işlər var ki, təkcə həkimdən asılı deyil. İndi biz əməliyyatlarımızla nə Türkiyədən geri qalırıq, nə İrandan. Amma neyləyək ki, bizim xalq xoşlayır xaricə getsin, xarici həkimlərə üz tutsun. Xaricilər də bundan yaxşı istifadə edir.
-Belə əməliyyatlardan hansını misal çəkə bilərsiz?
-Qastroşizis – indi elə də ağır əməliyyat hesab olunmur. Qarnın ön divarını bağlamaq çətin deyil. Onun da müəyyən üsulları var. Burda əsas problem bağırsaqların işinin gec bərpa olmasıdır. Bu patologiya ana bətnində başlayır. Dölün bağırsaqları amniotik maye ilə təmasda olduğudundan həm qısa, həm də genişlənmiş və qalın olur. Onları qarın boşluğuna qaytardıqdan sonra funksiyası 1-2 aya başlayır. O müddətdə körpələr infuziya ilə qidalanır. Uzun müddət belə qidalanan körpələrdə septiki fəsadlar, qaraciyər çatışmazlığı riski yüksəkdir. Ona görə belə uşaqlar arasında ölüm yüksək olur.
Bütün dünyada yenidoğulanların cərrahiyyəsinin səviyyəsi qida borusunun atreziyasının nəticələri ilə qiymətləndirilir. Bu patologiya 2005-ci ilə qədər Azərbaycanda əməliyyat olunmurdu. O illərdə bu diaqnozla doğulan uşaqlar tələf olurdu. İndi isə 100% ölüm riski olan xəstələr 50% -ə enib.
Son 8 ildə bizə 20-25 nəfər qida borusu atreziyalı xəstə daxil olub. Əvvəl rayonlarda belə patologiyada uşaq doğulanda heç Bakıya gətirmirdilər. Uşağı qoyurdular evdə, 5-10 günə ölürdü. İndi ən ucqar rayonda da camaat xəbər tutur, eşidir ki, filankəsdə uşaq belə idi, apardılar əməliyyat oldu. Baxırlar internetdə həkimlərin də işlərinə, oxuyurlar. Yəni heç kim indi körpəsini taleyin ixtiyarına buraxmır.
İnam o qədər artıb ki, vaxtilə 1 kiloqram doğulan uşaq üçün deyirdilər, bu uşaq qalmayacaq. İndi 800 qram uşaq doğulur, gətirir ki, mənim uşağımı nə edirsən et, yaşasın.
Bir tərəfdən qınayırıq ki, valideyn ən çətin, hətta mümkün olmayan xəstənin sağalmasını tələb edir. Digər tərəfdən sevindirir ki, valideynlər Azərbaycanda yenidoğulmuşların müalicəsi üzrə səhiyyənin inkişafını görür, qəbul edir.
-Bir həkim kimi valideynlərə iradlarınız nədir? Övladlarının sağlamlıqlarında hansı səhvlərə yol verirlər?
-Valideynlərdə günah çoxdur. Diqqətlisi də var, biganəsi də. Gəlir, şikayət edir ki, uşağın xayası yerində deyil. Uşaq 4 yaşa çatanda həkimə gedirlər. Ana, ata bu 4 ildə bir dəfə görməyib ki, uşağın xayası yoxdur. Vaxtlı vaxtında həkimə getmirlər. Gözləyirlər ki, kimsə gələcək, xahiş edəcək. Peyvəndlərini vurmurlar. Əgər peyvənd pis olsaydı, mən həkim kimi öz övladlarıma vurdurmazdım. Peyvəndsiz uşağı ağır vəziyyətdən çıxarmaq da çətin olur.
Uşağın həkimi birinci valideyni olmalıdır. Respublikada dispanser nəzarət var, uşaq ildə 1 dəfə tam müayinədən keçməlidir. İndi uşaqların böyük hissəsi dispanserizasiyadan keçməyib. Niyə? Çünki rayon qeydiyyatındadır, köçüb gəliblər şəhərə, burda çoxu kirayədə qalır. Orda həkim uşağı axtarır, qapı bağlı, burda da qeydiyyatı yoxdur - poliklinika bilmir. Uşaqlar evlərdə nəzarətsiz qalıblar. Uşaqların dispanser nəzarətindən məcburi keçməsi barədə qanun var. Heç indi uşaqların tibbi kitabçası da yoxdur. Doğulduğu yer üzrə poliklinikada qalıb, özləri burda həkimə gəlir.
-İl ərzində 2500 əməliyyatın siyahısında ilk beşlikdə hansı patologiyalar durur?
-Yenidoğulanlarda ən çox bağırsaq keçməməzliyi, qida borusu atreziyası, diafraqmal yırtıq və nekrotik enterokolitdir. Bu nekrotik enterokolit müasir xəstəlikdir. Əvvəl bu diaqnozla doğulanlar tələf olurdu. Bu xəstəlik vaxtından əvvəl doğulmuşlarda rast gəlinir, ən yüksək ölüm faizi də burdadır. Çoxfaktorlu xəstəlikdir, orqan və sistemlərin yetişməməsi nəticəsində, bağırsaq sistemi formalaşmır, mikrobların xəstəlik törətmə qabiliyyəti çoxalır, bağırsaqlar çürüyür. Bu uşaqlarda yanaşı qüsurlar da olur.
Yuxarı yaş qruplarında ən çox rast gəlinən qasıq yırtığıdır, kriptorxizm, xaya enməməsidir. Qaraciyər, öd xəstəlikləri az olur. Öd yollarının kistası da 4-5 xəstə olur. Öd yollarının atreziyası da çətin diaqnoz olunan, indiyə qədər həll olunmamış problemdor. Bu uşaqlar gərək, tez əməliyyat olunsunlar. 2 ay keçsə qaraciyər sirrozlaşır. Əməliyyatdan sonra xəstələrdə sağalma ehtimalı 16%-dir. Qalan 84% xəstələrdə sirroz inkişaf edir, onlar qaraciyər transplantasiyasına getməlidir.
Nadir xəstəliklərdən Mekanial ilus deyilən bir xəstəlik var, uşaq doğulanda bağırsaq keçməməzliyi diaqnozu ilə gəlir. Qarın boşluğunu açırıq, bağırsaqların keçiriciliyi var. Amma problem bundadır ki, bu uşaqda vəzilər yetəri qədər şirə ifraz etmir deyə, şirə çox qatı olur, nəcis çox bərkiyir. Ona görə hələ ana bətnində olanda bağırsaqdan keçə bilmir. Biz onu əməliyyat edirik. Amma sonrakı mərhələ çətindir. Onların əsas problemi tənəffüs problemidir. Beynəlxalq tibbdə bu xəstəliyin adı kistik fibrozdur. Azərbaycanda da belə uşaqlar doğulur. Pnevmoniyadan uzun müddət müalicə alırlar. Ən yaxşı halda ömür müddəti 30 ildir. Bu 30 ilin az qala hər ayını xəstəxanada olurlar. Bir dəfə bu problemdən əməliyyat etdiyim xəstəmin nənəsi məni gördü, dedi, doktor, kaş o vaxt uşağı əməliyyat etməyəydin, indi o da, biz də əziyyət çəkirik. Amma mən nə edə bilərdim? Həmin an diaqnoz da qoymaq olmur. Mənim də işim, borcum əməliyyat etməkdir.
-Məni də bəzən ağır nöqsanlı, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların sonrakı taleyi narahat edir. Bəzən insan xəstəlikdən elə yorulur ki, "kaş ki elə uşaq vaxtı öləydim” deyə düşünə bilər...
-Biz bu niyyətlə yaşasaq, sağ qalmağı təbii seçimin öhdəsinə qoysaq, bu, bizi faşizmə aparar. Qüsurlu uşağın da yaşamaq hüququ, haqqı var. Onun yerinə heç kim qərar verə bilməz. Sadəcə, bu uşaqlara, onların ailəsinə sosial yardım, dəstək olunmalıdır. Təbii ki, qüsurlu, ağır xəstə övladı olan ailələr heç vaxt tam xoşbəxt ola bilmirlər. Amma cəmiyyətdə onlara, maddi-mənəvi dəstək lazımdır ki, onların iztirablarını bir az da olsa azaldaq.
Elm inkişaf edir. Bu gün çarəsi olmayan bir xəstəliyə 5 il sonra çarə olacaq. Əvvəl qız uşaqları doğulurdu, uşaqlığı yoxdur, onlara nə yardım göstərə bilərik. Biz onlara bağırsaqdan uşaqlıq düzəldirdik ki, gələcəkdə uşağı olmasa da, cinsi həyat yaşaya bilsin.
İndi dünyada uşaqlıq transplantasiyası icra olunur. Bu qadınlar da ana olur. Deməli, digər problemlər də həllini tapacaq. Elm, tibb dayanmır. Vaxt gələr zaman hər şeyi yoluna qoyar.
Əvvəllər daha dözümlü idim. Yaşlanandan sonra kövrəkləşmişəm, tez-tez qəhərlənirəm.
-Çoxları deyir ki Gündüz doktor istəsə gedib xaricdə işləyər, tələbatlı mütəxəssisdir. Nə yaxşı özəl klinikalar sizi özünə cəlb etməyib? Axı siz burda etdiyiniz əməliyyatları özəl klinikada daha baha edə bilərsiz...
-Əvvəldə dedim, burda 10 cərrah var. Rezidentlər də gəlir. Bu gün mənim çalışdığım odur ki, burda olan 10 cərrahın 10-u da işini elə bilsin ki, məni gecə əməliyyatlara çağırmasınlar. Amma olub ki, professorlar bir cərraha imkan verməyib, həmin professor vəfat edəndən sonra o xəstəxana batıb. Mən belə istəmirəm. İstəmirəm, bütün əməliyyatları mən icra edim, qalan cərrahlar asistent kimi böyrümdə hərlənsin.
O ki qaldı burdan harasa getməyə, mənim burdan heç yerə getmək fikrim yoxdur, ancaq pensiyaya çıxa bilərəm...
Özəl xəstəxanaya niyə getmirəm? Çünki orda çox ağır, çətin, nadir əməliyyatlar olmur. Ağır xəstələr bura gəlir. Orda illərlə gözləməliyəm ki, bir maraqlı xəstə olsun. Əgər öyrəndiklərimi tətbiq etməyəcəmsə, onda niyə 30 il oxuyurdum?
Bu həyatda, məsləkdə hər şey qazancla həll olunmur. Bu qədər imkanı çatmayan ailənin uşağı var. Onları kim əməliyyat etsin?
-Uşaq cərrahı olmaq həkim üçün həm ağır stressdir. Bəzən əl boyda körpə ölür və siz heç nə edə bilmirsiz? Belə bir stressə necə tab gətirə bilirsiz?
-Təbii ki, mən də insanam. O qədər olub ki, xalatımı çıxarıb getmək, başqa işlə məşğul olmaq istəmişəm. Bəzən demişəm, necə edim canımdan can verim, bu uşaq yaşasın.
Bizim işdə təşvişə düşmək olmaz. Ürəyin partlasa da, gərək, soyuqqanlı olasan. Əvvəllər daha dözümlü idim. Yaşlanandan sonra kövrəkləşmişəm, tez-tez qəhərlənirəm.
Əgər xəstə sağalmırsa, deməli, əziyyətim boşa getdi. Amma mən cavan olanda, hansısa xəstədə fəsad olanda, yaxud tələf olanda 100% səhvi həkimdə görürdüm.
Sonra gördüm yox! Elə xəstələr var ki, özünü öldürsən də, sağalda bilmirsən. Elə uşaq var ki, çox ağır vəziyyətdə, baxıb deyirsən, 5 dəqiqəyə öləcək. Yardım, müalicə olunur. Bir də görürsən öləcəyini düşündüyün xəstə 10 gün sonra dirçəldi, sağaldı, getdi. Elə xəstə var, gəlir, baxırsan ki, yüngül bir şeydir, 3 günə sağalacaq. Bir də görürsən nəsə baş verir, xəstə öldü. Bizim borcumuz xəstəyə düzgün diaqnoz qoyub, düzgün müalicə etməkdir. Bəzi şeylər var ki, bizdən yox, Allahdan asılıdır. Biz sadəcə çox oxumalı, öyrənməli, çalışmalı, bacardığımız qədər irəli getməliyik. O zaman Allah da həkimə yardım edəcək.