Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Fast-food”dan ölüm hallarının baş verdiyi ölkələrin reytinqi - Azərbaycan ilk onluqda

  • 2019.01.29 11:51
  • 1464 Baxış
“Fast-food”dan ölüm hallarının baş verdiyi ölkələrin reytinqi -  Azərbaycan ilk onluqda
 

Almaniyanın Fridrix Şiller adına Universitetinin alimləri Avropa ölkələrində qeyri-sağlam qidalanma ilə bağlı xəstəliklərdən ölüm hallarının reytinqini hazırlayıb. Azərbaycan həmin sırada ilk onluqdadır. 


Həmçinin, tədqiqatçılar müəyyən edib ki, qadınlarla müqayisədə, kişilər qeyri-sağlam qidalanmadan ürək-damar xəstəliklərinin inkişafına daha həssas olur. Qadınlar yalnız 50 yaşdan sonra bu risk qrupuna düşür.


"Fast food”ların zərərləri nədir? 


Medicina.az-ın xəbərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Afət Həsənova Oxu.Az-a bildirib ki, zaman azlığından gündəlik həyatımızda praktik istehlak etdiyimiz və qidalanma tərzinə çevirdiyimiz "fast food” məhsulları getdikcə özünə daha çox istehlakçı toplayır:


"Ləzzətli və bir o qədər də kalorili olan bu qidaların faydalılığı isə müzakirə mövzusudur. "Fast food” qısa zaman ərzində hazırlanıb servis edilən, ayaqüstü yeyilə bilən qidalardır. Tez bir zamanda hazırlanan qidalar istehlak olunduğu təqdirdə bir günlük kalori ehtiyacını bir dəfəyə ödəyə bilir.


"Fast food” adlandırdığımız qidalara hamburger, pizza, qazlı içkilər, dönər, lahmacun, soyuq sendviçlər, qızardılmış kartof çipsləri, qızardılmış toyuq, simit aiddir. Siyahıda olan "fast food”ların sayını artırmaq da mümkündür”.


Afət Həsənovanın sözlərinə görə, "fast food”un qida dəyəri göstəriciləri baxımından aşağı olması sağlamlığı təhdid edir:


"Yuxarıda sadalanan məqamları nəzərə alaraq vitaminlər və minerallar baxımından qida dəyəri aşağı olan "fast food” məhsulları immun sistemini zəiflədir. Həmçinin, müxtəlif ictimai iaşə obyektlərində (kafe və restoranlarda) dərin yağda 10-12 saat boyunca kartofların qızardılması səbəbindən yağın tərkibi dəyişir və turşuluğu artır.


Belə yağların istifadəsi piylənməyə səbəb olur. Bundan başqa, belə qidaların tərkibində yüksək miqdarda sodium və duz var. Bir çox hazır qidalarda, çipslərdə, hamburgerlerin tərkibində istifadə edilən qida əlavəsi Monosodyum Glutamat-dır (MSG E621). Bu qida əlavəsi ləzzət artırıcıdır və hər növ yeməyin dadını yaxşılaşdıra bildiyinə görə daha çox tətbiq olunur. Bu qidaların daimi olaraq istehlakı piylənmə və baş ağrılarının yaranmasına səbəb ola bilir”.


"Mədənin su ehtiyacını qazlı, şirəli və ya kofeinli içkilərlə tamamlamaq tövsiyə olunmur. Qazlı və şirəli içkilərin tərkibində yüksək miqdarda şəkər olduğu üçün onun davamlı istifadəsi diş çürüməsinə, piylənmənin yaranmasına gətirib çıxarır. Xüsusilə, böyümə dövründə olan uşaqlar üçün bədənin sağlam inkişafına mane olur.


Sinir sistemində xəbərdarlıq funksiyalarına təsir göstərən kofein insanın uzun müddət oyaq qalmasına səbəb olur. Lakin intensiv istifadəsi stress hormonunun artmasına, yuxusuzluq problemlərinin yaranmasına gətirib çıxarır”, - deyə mütəxəssis qeyd edib.


Diyetoloq Tutu Zeynalova isə bildirib ki, Azərbaycanda "fast food” məkanlarının sayı gündən-günə çoxalır:


"Fast food” tez hazırlanan qidalardır. Əfsuslar ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu məkanların sayı sürətlə artır. Daha rahat və ucuzdur deyə insanlar məhz bu qidalara üz tuturlar. Bu cür yeməklərin zərərləri haqqında nə qədər danışılsa da, sanki gündən-günə bu qidalar "çiçəklənir”.


Diyetoloq qeyd edib ki, hər zaman bu məkanlarda insanların sayı çox olur:


"Demək, biz boşuna danışırıq. Fikrimcə, insanları biz maarifləndirməliyik ki, onlar doğru seçim etsinlər. Çünki "yemə”, "getmə” deməklə ora gedənlərin sayı azalmır. Məsələn, bir insan "fast food” məkanına üz tutmaq məcburiyyətində qalıbsa, hamburger, qızardılmış kartof və yanında qazlı bir içki təklif edilirsə, onun yerinə salat və ayran seçmək olar. Yəni hansı daha sağlamdırsa, onu seçmək düzgün olar”.


Tutu Zeynalova insanların "fast food”dan uzaq durması üçün də məsləhət verib:


"Yaxşı olar ki, belə məkanlara getməmək üçün çantanıza meyvə, çərəz qoyasınız ki, ac olan zaman həmin qidalardan istifadə edə biləsiniz. Eyni zamanda, valideynlərə demək istəyirəm ki, "fast food” məkanları ilə uşaqlarını "mükafatlandırmasınlar”.


Onlara yaxşılıqla yanaşı, sağlamlıqlarına da zərər verirlər. Bu gün hansısa bir valideynə sual versək ki, övladınız siqaret çəkirmi? Narkotik vasitədən istifadə edirmi? Tez cavab verəcək ki, nə danışırsınız, nə siqaret, nə narkotik? Amma onlara verdiyiniz qazlı içkilər, "fast food ”məkanlarında yedikləri qidalar orqanizmə heç də az zərər vurmur.


Bunlar hazır qidalardır və uzun saxlanılması üçün konservantlar qatılır. Fikir vermisinizsə, bu qidaların xüsusi bir qoxusu və dadı olur ki, onlar beyində iştah mərkəzinə təsir edir və təkrar-təkrar bu qidaları qəbul etmək istəyirlər ki, bu da zərərlidir. Bu mövzuda maarifləndirmək lazımdır”.